Bakıda Olimpiya atıcılıq növləri üzrə Dünya Kuboku start götürüb
Beynəlxalq İdman Atıcılıq Federasiyasının təqvim planına əsasən, iyunun 20-dən 29-dək Bakıda 15 Olimpiya atıcılıq növü üzrə Dünya Kuboku yarışı keçiriləcək.

Dünya reytinq cədvəlində xüsusi yer tutan Olimpiya atıcılıq növləri üzrə Dünya Kuboku yarışında 80 ölkəni təmsil edən 1013 idmançı mübarizə aparacaq. Bu yarış Rio-de-Janeyroda keçiriləcək Olimpiya Oyunları ərəfəsində son mərhələdir. Yarış Beynəlxalq İdman Atıcılıq Federasiyasının rəsmi televiziya kanalı (ISSF TV) vasitəsilə dünyanın bir çox ölkələrində canlı yayımlanacaq.

Dünya Kuboku yarışı Azərbaycan Atıcılıq Federasiyasının təşkilatçılığı, Milli Olimpiya Komitəsinin, Gənclər və İdman Nazirliyinin və “Qəbələ” Atıcılıq Klubunun dəstəyi ilə Bakı Atıcılıq Mərkəzində baş tutacaq.

Qeyd edək ki, sentyabrın 16-dan 23-dək isə “Qəbələ” atıcılıq klubunda ənənəvi olaraq Olimpiya atıcılıq növləri üzrə Dünya Kuboku yarışlarının final mərhələsi keçiriləcək.

Bu yarışlar 2016-ci il ərzində Beynəlxalq İdman Atıcılıq Federasiyasının təqvim planında ən mühüm turnirlərdən hesab olunur.

Xəbər 803 dəfə oxundu.