“Formula-1”: Felipe Nasr Bakıda daha uğurlu çıxış edəcəyinə ümid bəsləyir
Braziliyalı avto-yürüşçü Felipe Nasr F-1i.com saytındakı səhifəsində bu yaxınlarda keçirilmiş Kanada Qran-prisini xatırlayır və Bakıda şəhər trasında daha uğurlu çıxış edəcəyinə ümid bəslədiyini bildirir.

Felipe Nasr yazır: “Qran-pri günlərində hər bir yürüşçünün öz məqsədləri olur və bu mənada biz hamımız bir-birimizə oxşayırıq. Yürüş karyerasına başlamazdan xeyli əvvəl biz bu və ya digər məqsədlərə nail olmağı arzulayırıq, sonra bu karyeranın müxtəlif mərhələlərində yalnız detallar dəyişir, arzuların mahiyyəti isə əvvəlki kimi qalır.

Hamımız qalib gəlmək istəyirik, hamımız uğur qazanmağa çalışırıq. Yürüş təfəkkürünün şedevrləri olan bu maşınları sürərkən təkraredilməz hisslər keçirirsən. “Formula-1” maşınının sükanı arxasında işləmək ağlasığmaz və tükənməz ləzzətdir. Bu hisslər göstərilən böyük səyləri, verilən qurbanları artıqlaması ilə kompensasiya edir. Bunlar bizim həyatımızın bir hissəsidir.

Kanada uik-endinə müəyyən ümidlər bəsləyirdim. Əvvəllər bu tras “Ferrari” mühərrikli “Sauber” maşını üçün çox münasib idi. Mənim vəzifəm yürüş üçün yaxşı sürət seçmək və xal qazanmağa çalışmaq idi. Əyləclərin uğursuz sazlanması mənim işimi korladı. Bunu nəzərə almasaq, komanda ilə birlikdə qazandığımız uğurlardan razıyam. Bizim sərəncamımızda olan maşınların davranışı da məni qane edirdi.

Mən yaxşı start götürməyə və birinci uzun hissəni yeganə pit-stopla qət etməyə hazırlaşırdım.

İlk dörd döngədə hər şey yaxşı idi. Lakin sonra mən Skandinaviya torpedasının hədəfinə çevrildim. Hər şey Monakodakı kimi oldu, lakin bu dəfə başqa ölkənin nümayəndəsi məni yenə sağ tərəfdən vurdu. Mənim maşınım çevrildi, buna görə birinci şin dəsti korlandı. Maşının dibi də zədələndi. Bundan sonra onun effektivliyi xeyli azaldı.

Bizim sürətimiz buna ümid etməyə əsas verir ki, gözəl Bakı şəhərində, mürəkkəb və qeyri-adi küçə trasında daha uğurlu çıxış edə biləcəyik.

Mən pozitiv əhval-ruhiyyəmi saxlayıram, öz məqsədimə doğru irəliləməkdə davam edirəm və ümidvaram ki, o biri yoldaşlarım da belə edəcək, mənim üçün xoşagəlməz hadisələr başa çatacaq.


Xəbər 781 dəfə oxundu.