Colion Palmer: Yürüş mövsümün ən parlaq hadisələrindən biri olacaq
Bu səhər Bakı trasında gəzintiyə çıxan britaniyalı avtoyürüşçü, 2016-ci ildə “Renault” komandasının pilotu, GP2 seriyasının çempionu, “Formula-2” FIA seriyasının vitse-çempionu Colion Palmer jurnalistlərin bir neçə sualını cavablandırıb.

- Colion, gəzintidən sonra tras haqqında nə düşünürsünüz?

- Hər şey çox maraqlı görünür. Bu şəhər trası olduqca dolambac, amma yetərincə sürətlidir. Baryerlər çox yaxın yerləşdirilib, bəzi yerlərdə tras çox geniş, bəzi yerlərdə isə çox dardır. Çətinliklər çoxdur. Mən “uik-end”in başlamasını səbirsizliklə gözləyirəm.

- Cümə günü məşqlərinin proqramı nə olacaq?

- Mümkün qədər çox dövrələr keçməyə çalışacağam. Bu il bəzi traslar mənim üçün yeni idi, amma rəqiblərim, Kanadadakı kimi, onlara bələd idi. Lakin burada hələ heç kim bircə dövrə belə keçməyib. Aydınlaşdırmaq lazımdır ki, harada torpaq topası var, döngələrdə hansı trayektoriyaları seçmək lazımdır. Bundan ötrü isə dövrə vurmaq gərəkdir. Bizi gərgin cümə gözləyir.

- Yürüşdən nə gözləyirsiniz?

- Məncə, ötmələr çox olacaq, çünki burada iki “DRS” zonası və çempionatın ən uzun düz yolu var. Mübarizə baxımından maraqlı olmalıdır. Sipərlər bir-birinə yaxın yerləşib, təhlükəsizlik avtomobilinin peyda olması ehtimalı böyükdür, bu isə intriqanı həmişə artırır.

Havanın temperaturu yüksəkdir, lakin asfalt olduqca hamardır. Şinin nə dərəcədə aşınacağını təsəvvürə gətirmək çətindir. Bilinməyənlər çox olduğundan yürüşün də çox maraqlı alınacağı şəksizdir.

- Yəqin ki, startı səbirsizlilkə gözləyirsiniz?

- Bəli. Yürüş mövsümün ən parlaq hadisələrindən biri olacaq.

Xəbər 716 dəfə oxundu.