Azərbaycan idmanda qadınların sayını artırmaq üçün beynəlxalq təcrübəni öyrənir
ABŞ-ın Los Anceles şəhərində Qadınlar və İdman üzrə 5-ci Dünya Konfransı keçirir. İdman.com.az saytının məlumatına görə, BOK-un təşkil etdiyi toplantıda ölkəmizi Milli Olimpiya Komitəsinin Beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Könül Nurullayeva təmsil edir. Yığıncaqa 130 dövlətin olimpiya qurumları, beynəlxalq federasiyalar, universitetlər və müxtəlif qeyri-hökumət təşkilatlarından 600-dən çox nümayəndə qatılıb.

Konfransda qadınların idmanda iştirakının artırılması istiqəmətində Dünya Olimpiya Hərəkatı ilə yeni əməkdaşlıq imkanlarını araşdıracağını və Azərbaycanda qadın idmanının inkişafına dair müsbət təcrübəni bölüşəcəyini bildirən Könül Nurullayevanın fikrincə “Azərbayan sürətlə inkişaf edən dövlət olaraq qadınların cəmiyyətin bütün səhələrində, həmçinin idmanda da, fəal iştirakını dəstəkləyir və idmanın inkişafını prioritet istiqamətlərdən biri hesab edir. Dövlətimizin qəbul etdiyi 2009-2020-ci illər üçün Azərbaycanda Bədən Tərbiyyəsi və İdmanın İnkişafı üzrə Milli Strategiyası qadınların idmanda iştirakının artırılmasına xüsusi önəm verir”.

Bununla yanaşı, Könül xanım Azərbaycanda qadınların idmana cəlb edilməsi istiqamətində bir çox işlərin görüldüyünü də əlavə edir: “Bizim gənc qızlar və qadınlarımızın idmanda fəal iştirakı üçün geniş imkanlar var və onlar həm yerli, həm də beynəlxalq arenalarda çoxsaylı uğurlar əldə edirlər. Azərbaycan qadınları cəmiyyətin bütün sahələrində - dövlət idarəçiliyi, mədəniyyət, təhsil, biznes və idmanda fəal iştirak edirlər. Bizim tanınmış qadın Olimpiyaçılarımız və digər dünya səviyyəli idmançılarımız var. Bir neçə gün bundan öncə Beynəlxalq Güləş Federasiyası FİLA idmançımız Mariya Stadniki 2011-ci ilin Dünyanın Ən Yaxşı Qadın Güləşçisi adına layiq görmüşdür. Milli Olimpiya Komitəsi olaraq biz də öz növbəmizdə dünya Olimpiya Hərəkatı ilə əməkdaşlığımızdan istifadə edərək qadınlarımızın idmana cəlb edilməsini və beləliklə cəmiyyətimizin inkişafında onların rolunun artırılması üçün yeni imkanlardan istifadə etməyə çalışırıq”.

Qeyd edək ki, BOK-un təşkilatçılığı ilə fevralın 18-də Los Ancelesdə keçirilən Qadın və İdman Dünya Konfransında beynəlxaql idman qurumları, həmçinin, BMT kimi nüfuzlu beynəlxalq təşkilatların yüksək səviyyəli rəsmiləri iştirak edir. Konfrans BOK-un prezidenti Jak Roqq, qurumun Qadın və İdman Komitəsinin sədri Anita DeFrantz, Los Anceles şəhərinin meri Angeles Antonio Villaraigosa və BMT-nin Qadınların Statusu Komitəsinin rəhbəri Marjon Kamaranın çıxışları ilə işə başlanıb.

Xəbər 1367 dəfə oxundu.