Günter Ştayner: Bakıda bəxtimiz gətirə bilər
“Haas F-1”-in rəhbəri Günter Ştayner “Formula-1” Avropa Qran-prisi ərəfəsində komandanın mətbuat xidmətinə müsahibə verib. Ştayner qarşıdakı yürüş barədə sualları cavablandırıb.

-Komandanız əvvəllər bu cür yürüşlərin keçirilmədiyi trasda çıxış etməyə necə hazırlaşır?

-Bizim əlaqələndiricimiz yürüşlərin başlanmasına altı ay qalmış burada olub, hər şeyi yerində yoxlayıb, otel seçib. O vaxt tras hazır deyildi, buna görə də trası qiymətləndirə bilmədik. Lakin bəzi başqa komandalar boksları yoxlamaq üçün Bakıya gəliblər. Bizim logistika üzrə menecerimiz onlarla əlaqə saxlayaraq lazımi məlumatı alıb. Düzdür, biz rəqiblərik, lakin belə məsələlərdə komandalar bir-birinə kömək edirlər. Hər şey yaxşı hazırlanmış olsa, biz azarkeşlərə daha yaxşı şou göstərə bilərik.

Texnika üzrə mütəxəssislərimiz FİA-dan trasın konfiqurasiyası və yol örtüyünün xüsusiyyətləri barədə zəruri məlumat alıblar. Bu məlumatlar əsasında onlar maşının həmin trasda sazlanmasının mümkün variantlarını proqnozlaşdırıblar.

-Bakı yürüşünə hazırlaşarkən pilotlar simulyatorda işləyiblər. Bu cür hazırlıq nə dərəcədə dəyərli ola bilər?

-Reallığa çox yaxın olan bu imitasiya trasın konfiqurasiyasını öyrənmək üçün əlavə imkandır.

-Sizin fikrinizcə, rəqiblərinizlə mübarizə aparmaq şanslarınız eynidirmi? Axı onlar da əvvəllər bu trasda çıxış etməyiblər...

-Aparıcı komandaların bu barədə məlumatı daha çoxdur. Adi vəziyyətdə onlar daha yaxşı hazırlığa malik olur, çünki təcrübəli mütəxəssisləri çoxdur. Liderlər həmişə üstünlüyə malik olur, lakin Bakıda olduğu kimi yeni traslarda bəxtimiz gətirə bilər.

-Mütəxəssislərin fikrincə, Bakıdakı şəhər trası çempionatın təqvimində ən sürətli trasdır. Siz bu trası daha hansı avtodromlarla müqayisə edə bilərsiniz?

-Bakıda başqa trasların müəyyən hissələrini xatırladan döngələr var, lakin burada hər hansı başqa avtodromda olan hissələrlə tam eyni sayıla bilən bir hissə görmək mümkün deyil. Bakıda hamımız təzə təcrübə toplamalı olacağıq.

-Debüt mövsümünün üçdəbir hissəsi artıq geridə qalıb. Siz komandanızın çıxışını necə qiymətləndirirsiniz?

-Biz müəyyən sabitliyə nail olmuşuq, amma öyrənməkdə davam edirik. İndi biz bilirik ki, hər bir trasda xal qazana bilərik. Xüsusən təsnifat yarışlarında daha yaxşı çıxış etməliyik. Mənim fikrimcə, bizim yürüş sürətimiz təsnifat üçün tələb olunandan yuxarıdır. Bir daha deyirəm, təcrübə toplamaqda davam edirik.

Öz komandamdan və bu üç ayda nail olduğumuz irəliləyişdən razıyam. Biz yeddi yürüş keçmişik, Bakıda səkkizinci mərhələ olacaq. Hərçənd, elə rəqiblərimiz var ki, onlar bu çempionatda illər boyu çıxış edirlər. Biz hər yürüşdə işimizi daha yaxşı görməyə çalışırıq. Eyni zamanda maşını növbəti mövsüm üçün hazırlayırıq.

AZƏRTAC

Xəbər 793 dəfə oxundu.