Formula-1 pilotları üçün tibbi yardımın təşkilinə həsr olunan praktiki seminar keçirilib
İyunun 13-də Bakıdakı Atletlər kəndində Bəhreyndən olan mütəxəssislər və “Baku City Circuit” Əməliyyat Şirkəti nəzdində fəaliyyət göstərən Marşallar Klubunun aparıcı marşalları klubun tibbi briqadalarının 150 üzvü üçün son praktiki seminar keçiriblər. Seminar “Formula-1” pilotları üçün tibbi yardımın təşkilinə həsr olunub.

Tədbir çərçivəsində yürüş trasında yaradılan süni qəzada tibbi briqadanın marşalları yaralı pilotlara lazımi kömək göstəriblər. Hadisə yerində yürüşçülər ilk tibbi yardımla təmin edilib, sonra təcili yardım avtomobillərində əməliyyat üçün müvafiq tibb müəssisəsinə çatdırılıb.

Mobil briqadanın həkimi Samir Zeynalov bildirib ki, bu cür hallarda həkim kimi qəza yerinə ilk gələn o olur, pilotların vəziyyətini qiymətləndirir və onlara tibbi yardım göstərilməsi məsələsini həll edir.

Bu cür hallarda dərhal və dəqiq hərəkət etməli olan tibbi briqadanın nizamlı işinin ən mühüm məsələ olduğu qeyd edilib.

Praktiki seminarın aparıcıları Səhiyyə Nazirliyinə, eləcə də Gənclər və İdman Nazirliyinə tibb işçilərinin işini təşkilində yardıma görə minnətdarlıqlarını bildiriblər.

Xəbər 669 dəfə oxundu.