Gənclər və İdman Nazirliyi Azərbaycanın 6 idmançısının dopinqə düşməsinə dair məlumat yayıb
Azərbaycanın ağırlıqqaldırma üzrə altı idmançısı - Elxan Əliquluzadə, Silviya Anqelova, Firudin Quliyev, Valentin Xristov, İntiqam Zairov və Dadaş Dadaşbəyli dopinqə düşərək diskvalifikasiya olunublar.

Gənclər və İdman Nazirliyinin bununla əlaqədar yaydığı məlumatda D.Dadaşbəylinin 4, digər idmançıların isə 8 il müddətinə yarışlardan kənarlaşdırıldığı vurğulanıb.

Nazirliyin məlumatında qeyd olunub: “Azərbaycanın Gənclər və İdman Nazirliyi dopinqlə mübarizə aparan və idmançıları bu istiqamətdə mütəmadi maarifləndirən qurum olaraq bildirir ki, Azərbaycan Hökuməti Antidopinq Konvensiyasına qoşulan ilk 40 ölkə arasındadır. Bununla yanaşı, Konvensiyaya qoşulduqdan sonra Azərbaycan Hökuməti Milli Məclis tərəfindən xüsusi olaraq yaradılmış komitə vasitəsilə antidopinq üzrə qanunun qəbul edildiyi ilk ölkələrdən biridir.

Qanunda bir sıra maddələrlə yanaşı, eyni zamanda, dopinqdən istifadə olunacağı təqdirdə, idmançıya və məşqçiyə cinayət işinin açılması maddəsi də əksini tapacaq. Qeyd edək ki, dopinqlə mübarizə məqsədilə 10 ildən artıqdır Gənclər və idman nazirliyinin nəzdində dopinqlə mübarizə şöbəsi yaradılıb”.

Nazirliyin məlumatında, həmçinin xüsusi vurğulanıb ki, qurum MDB ölkələri arasında idmançıların dopinq nümunələrini mütəmadi olaraq yoxlamağa göndərən ölkələr arasında ilk üçlükdədir. Azərbaycanda keçirilən birinci Avropa Oyunları zamanı nazirlik Avropa Olimpiya Komitəsi ilə idmançıların dopinq yoxlamasından keçməsi istiqamətində işlərini yüksək səviyyədə qurmağı bacarıb.

Bildirilib ki, idmançıların təlim-məşq toplanışlarına qatılması, yarışlara ezam olunması baş məşqçi tərəfindən aparılır. Federasiyalar ilk növbədə, idmançılar üzərində nəzarəti daha da möhkəmləndirməli, idmançıların dopinq müayinələrinin aparılması üçün mütəmadi qaydada nazirliyə müraciət etməlidir.

“Nazirlik olaraq, öz növbəmizdə bütün federasiyalara dopinq yoxlamaları ilə bağlı yeniliklər, tərkibində dopinq olan yeni dərman ləvazimatlarının siyahısını mütəmadi təqdim edirik. Bütün lazimi işlərin aparılmasına baxmayaraq, əfsuslar olsun ki, bəzi hallarda diqqətsizlik nəticəsində içilən hansısa maye və ya yemək idmançının dopinqə düşməsinə səbəb ola bilər. Bu səbəbdən idmançıları çəkdikləri zəhmətin bəhrəsinin hədər getməməsi məqsədilə maksimum dərəcədə diqqətli olmağa çağırırıq. Biz baş verən bu hadisə ilə bağlı çox narahatıq və bu istiqamətdə lazımi tədbirlər görüləcək.

Beynəlxalq federasiya tərəfindən bu barədə qərarın verilməsinə baxmayaraq, idmançıların apelyasiya şikayəti verərək öz hüquqlarını müdafiə etmək imkanı var. Gənclər və İdman Nazirliyi yerli federasiya ilə birlikdə bu istiqamətdə iş aparır”, - deyə məlumatda qeyd olunub.

Xəbər 1342 dəfə oxundu.