Azərbaycanın sərbəst güləşçiləri dünya kuboku yarışında beşinci olublar
Los-Ancelesdə sərbəst güləş üzrə böyüklər arasında dünya kuboku yarışları keçirilib. Yarışda Azərbaycan ilə yanaşı, ABŞ, Rusiya, İran, Türkiyə, Gürcüstan, Monqolustan və Hindistan güləşçiləri də iştirak ediblər.

İdmançılarımız İran, ABŞ və Hindistan komandaları ilə “B” qrupunda mübarizə aparıb. “A” qrupunda isə Rusiya, Türkiyə, Gürcüstan və Monqolustan komandaları qüvvələrini sınayıb.

İlk görüşlərdən sonra qrup üçüncüsü olan yığmamız beşinci yer uğrunda digər qrupun üçüncüsü olan Monqolustan yığması ilə qarşılaşıb. Ümumi hesabda 5:3 qələbə qazanan güləşçilərimiz gənc heyətlə qatıldığı dünya kuboku yarışını beşinci sırada başa vurublar.

Xatırladaq ki, sərbəst güləşçilərimiz ötənilki yarışda üçüncü olmuşdular.

Xəbər 653 dəfə oxundu.