Beynəlxalq Olimpiya Günü münasibətilə Bakıda kütləvi estafet qaçışı təşkil olunub
İyunun 11-də Dənizkənarı Milli Parkda Beynəlxalq Olimpiya Günü münasibətilə kütləvi estafet qaçışı təşkil olunub.

Açılış mərasimində çıxış edən Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə hər il Beynəlxalq Olimpiya Günü münasibətilə ölkəmizdə qaçış gününün keçirildiyini diqqətə çatdırıb. İdmançılarımızın beynəlxalq arenada qazandıqları nailiyyətlərdən danışan Ç.Hüseynzadə ölkəmizdə Olimpiya hərəkatının inkişafda olduğunu vurğulayıb. Azərbaycanın artıq idman ölkəsinə çevrildiyini diqqətə çatdırıb. Bu tədbirin əhəmiyyətini yüksək qiymətləndirən vitse-prezident ənənəvi Olimpiya qaçış gününün keçirilməsini ölkəmizin Olimpiya hərəkatını həmişə dəstəkləməsini nümayiş etdirdiyini qeyd edib. Sonda iştirakçılara hər birinə uğurlar arzulayıb.

Sonra Dənizkənarı Milli Parkda 1300 metr məsafəyə qaçışa start verilib. İki mərhələdən ibarət yarışda 20 komanda gücünü sınayıb. Yarışın sonunda mükafatçılar Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Baxın imzası ilə fəxri fərman və medallarla təltif olunublar.

Xatırladaq ki, bütün dünyada qeyd olunan Beynəlxalq Olimpiya Gününün əsası baron Pyer de Kuberten tərəfindən qoyulub. Bu gün Olimpiya hərəkatının işıqlı ideallarına həsr olunub. Məhz 1894-cü il iyunun 23-də Parisdə bədən tərbiyəsi problemlərinə həsr olunmuş konqresdə 12 ölkənin nümayəndələrinin iştirakı ilə P.Kuberten tarixi məruzəsini oxuyub. Məruzədə o, konqresin iştirakçılarını işləyib hazırladığı Olimpiya Oyunlarının təşkilati əsasları ilə tanış edib. Sonra konqresdə müasir dövrdə ilk olimpiadanın keçirilməsi barədə qərar qəbul olunub. 1896-cı ildə Afinada keçirilən ilk olimpiadada 13 ölkədən 311 atlet Olimpiya proqramının on üç növü üzrə medallar uğrunda mübarizə aparıb. İndi dörd ildən bir planetin ən güclü atletlərinin yarışları keçirilir. Olimpiada yalnız İkinci Dünya müharibəsi illərində keçirilməyib.

Xəbər 774 dəfə oxundu.