Yeniyetmələr arasında stolüstü tennis üzrə respublika birinciliyinə start verilib
İyunun 10-da “Şüa” İdman–Sağlamlıq Kompleksində yeniyetmələr arasında stolüstü tennis üzrə respublika birinciliyinə start verilib.

2004-cü il təvəllüdlü və daha kiçik yaşlı oğlan və qızların iştirak etdiyi yarışda Bakı, Sumqayıt, Gəncə, Şəki, Şabran, Şirvan, Salyan, Gədəbəy, Qax, Samuxdan 100-dək idmançı iştirak edir.

Turnirin açılışında çıxış edən Azərbaycan Stolüstü Tennis Federasiyasının vitse-prezidenti Fazil Məmmədov ölkəmizdə idmana böyük diqqət və qayğı göstərildiyini, müasir standartlara cavab verən idman və sağlamlıq infrastrukturunun yaradıldığını bildirib. Bütün bunların nəticəsidir ki, bu gün Azərbaycan bir sıra mötəbər tədbirlərlə yanaşı, beynəlxalq idman yarışlarına da ev sahibliyi edir. Fazil Məmmədov həmçinin, son illərdə stolüstü tennisin inkişafı istiqamətində görülən işlərdən bəhs edib, yarış iştirakçılarına uğurlar arzulayıb.

Gənclər və İdman Nazirliyinin nümayəndəsi Nicat Həsənov yarışın yeniyetmələrin asudə vaxtlarının səmərəli keçirilməsində, sağlam həyat tərzinin və idmanın kütləviliyinin təbliğində əhəmiyyətini diqqətə çatdırıb.

Yarışa iyunun 11-də yekun vurulacaq və qaliblər Gənclər və İdman Nazirliyi və Stolüstü Tennis Federasiyası tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılacaqlar.

Xəbər 794 dəfə oxundu.