Futbol üzrə Avropa çempionatının başlaması ərəfəsində Parisdə qəbul keçirilib
Futbol üzrə Avropa çempionatının (Avro-2016) başlaması ərəfəsində Parisdə, Azərbaycan Mədəniyyət Mərkəzində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) təşkilatçılığı ilə qəbul keçirilib.

Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov tədbirdə iştirak edən senatorları, nazirliklərin, böyük şirkətlərin nümayəndələrini, iş adamlarını salamlayaraq SOCAR-ın futbol üzrə Avropa Kuboku yarışlarında UEFA-nın rəsmi tərəfdaşı olduğunu söyləyib. Azərbaycanda idmana böyük önəm verildiyini qeyd edən diplomat artıq bir neçə ildir Bakıda beynəlxalq idman yarışlarının təşkil olunduğunu bildirib. O, Bakının müxtəlif ölkələrdən gələn 6 min idmançının iştirak etdiyi birinci Avropa Oyunlarına ev sahibliyi etdiyini xatırladıb.

Səfir Azərbaycan paytaxtında keçirilmiş UEFA U-17 Avropa Kubokundan, bir neçə gündən sonra başlayacaq “Formula -1” Qran-pri yarışlarından və 2017-ci ildə keçiriləcək IV İslam Həmrəylik Oyunlarından söz açıb. Bildirilib ki, bu yarışların keçirilməsi ölkədə idmana verilən önəmin göstəricisidir. İdman yarışları müxtəlif dinlərin, irqlərin nümayəndələrini bir araya gətirir, mədəniyyətlərarası dialoqa töhfə verir.

SOCAR-ın prezidenti Rövnəq Abdullayev tədbirdə çıxış edərək Fransanın bugünkü bayramında Azərbaycanın da payının olduğunu bildirib. O, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının prezidenti kimi Fransanın Avropa Kuboku yarışlarına ev sahibliyi üçün seçilməsində fəal iştirak etdiyini diqqətə çatdırıb. Yarışların yüksək səviyyədə keçirilməsi üçün SOCAR-ın baş sponsorlardan biri kimi öz töhfəsini verdiyi qeyd olunub.

Bildirilib ki, Azərbaycan beynəlxalq idman tədbirlərinə ev sahibliyi edir və yeni tədbirlərin təşkilində böyük təcrübəyə və iradəyə malikdir. Azərbaycan Respublikasının Prezidenti yeganə prezidentdir ki, həm də Milli Olimpiya Komitəsinin prezidenti vəzifəsini icra edir və ölkədə idmanın inkişafına xüsusi diqqət göstərir. Bu gün Fransanın bayramında iştirakımız həm də ölkəmizin “Avro-2020” futbol yarışlarının bir neçə görüşünə ev sahibliyi etməsinə hazırlığıdır. Fransada bir ay müddətində davam edəcək bu bayramın 2020-ci ildə Azərbaycanda davam etdiriləcəyinə əminlik ifadə olunub. Belə tədbirlərdə iştirakın ölkəmizi və SOCAR-ı dünyada tanıtmaq, eləcə də biznes fəaliyyətinə təkan vermək üçün effektli platforma olduğu vurğulanıb.

Sonra Parisin 7-ci rayonunun meri Raşida Dati çıxış edərək Azərbaycanın açıq ölkə olduğunu və burada bütün etnik qruplara hörmət bəslənildiyini söyləyib. O, bu məkanın bütün dinlərdən və irqlərdən olan insanlara açıq olduğunu vurğulayıb. Hər kəsin özünü tam azad şəkildə hiss etdiyini qeyd edən R.Dati belə bir şəraitin yalnız Azərbaycana məxsus olduğunu vurğulayıb. O, Azərbaycanın əlverişli geosiyasi coğrafi məkanda yerləşdiyini, siyasi, iqtisadi baxımdan güclü olan ölkəmizin, həmçinin böyük sivilizasiyaya malik olduğunu vurğulayıb. Mer Heydər Əliyev Fondunun Vatikanda katakombaların bərpasına və Fransada kilsələrin restavrasiyasına töhfələrindən də danışıb.

Tədbirdə 1998-ci il dünya kuboku yarışlarında iştirak edən Fransa millisinin futbolçuları Kristian Karembö və Marsel Dösayi ilə görüş təşkil olunub.

AZƏRTAC

Xəbər 733 dəfə oxundu.