“Copa Amerika 2016”: Kolumbiya millisi play-off mərhələsinə vəsiqə qazanıb
Futbol üzrə Amerika çempionatının – “Copa Amerika”nın qrup mərhələsinin iyunun 8-də ikinci turuna start verilib.

ABŞ-da təşkil olunan çempionatın ikinci turunda “A” qrupunda yer alan komandalar qarşılaşıb. Kolumbiya yığması Paraqvayı 2:1 hesabı ilə məğlub edərək növbəti mərhələyə - pley-offa yüksəlib. Digər qarşılaşmada isə ev sahibi ABŞ yığması Kosta-Rikanın qapısından dörd cavabsız top keçirib. Kolumbiya ilk turda ABŞ-ı məğlub etdiyindən (2:0) 6 xalla qrup birincisidir. Hesabında 3 xal olan ABŞ ikinci sırada qərarlaşıb. İlk turda meydandan qolsuz heç-heçə ilə ayrılan Kolumbiya və Kosta-Rika milliləri isə sonrakı pillədədirlər.

Bu gün – iyunun 8-də “B” qrupunda görüşlər keçiriləcək. Braziliya millisi Haiti, Ekvador yığması isə Peru ilə üz-üzə gələcək. Beşqat dünya çempionları birinci turda gözlənilənlərin əksinə olaraq Ekvadorun müqavimətini qıra bilməyib – 0:0. Peru isə Haitini minimal hesabla məğlub edib – 1:0.

“C” qrupuna ilk turda Uruqvayı 3:1 hesabı ilə məğlubiyyətə uğradan Meksika başçılıq edir. İkinci sırada isə Yamaykanı minimal hesabla məğlub edən Venesuela yığması qərarlaşıb. İkinci turda Uruqvay və Venesuela, Meksika ilə isə Yamayka qarşılaşacaq.

“D” qrupunda yer alan və çempionatın favoritlərindən sayılan Argentina birinci turda Çilini 2:1 məğlub edərək qrupda liderliyə yüksəlib. Digər oyunda isə Panama eyni hesabla Boliviyadan üstün olub. İkinci turda Argentina və Panama, Çili isə Boliviya ilə üz-üzə gələcək.

Xəbər 771 dəfə oxundu.