Maksimə ümidlər böyükdür
İdeal bədən və əzələ quruluşuna sahib olmaq üçün mühüm əhəmiyyətə malik üzgüçülük, həm də beyin üçün faydalı növdür. Vətəni qədim Yunanıstan sayılan su idman növünə ölkəmizdə də böyük maraq var. Son zamanlar bu idman növünün inkişafı istiqamətində bir sıra tədbirlər həyata keçirilib.

Yeni üzgüçülük hovuzları inşa edilərək, gənclərin istifadəsinə verilib. Bunun nəticəsidir ki, ölkəmizdə gənclər arasında bu növə nəzərə çarpacaq dərəcədə maraq artıb. Vacib bir faktı qeyd edək ki, ölkəmiz müstəqillik qazandıqdan sonra bu növdə olimpiadaya vəsiqəni ilk dəfə əldə edib: Maksim Şemberev "B" təsnifat normativlərini yerinə yetirərək, Rio Yay Olimpiya Oyunlarına lisenziya qazanıb. Bundan başqa, yaxın illərdə bir neçə idmançımız da bu növ üzrə yüksək nəticələr əldə edə bilər - nəticələr bunu əyani göstərir. Bu isə yeni inkişaf edən növ üçün əhəmiyyətli göstəricidir.

Sonuncu dəfə Berlində fəxri kürsünün yüksək pilləsinə qalxan və olimpiadaya lisenziya əldə edən Maksim Bakıya gəlməzdən əvvəl də beynəlxalq turnirlərin qalib olub. O, Ukraynada 4 dəfə 400 metr məsafədə çempionluq zirvəsinə yüksəlib. Amma idmançı karyerasında ən yüksək nailiyyətə Bakıda, Azərbaycan komandasının tərkibində nail olub.

1993-cü il sentyabrın 25-də Ukraynanın Kiyev şəhərində anadan olan Maksim beş yaşından üzgüçülüklə məşğul olmağa başlayıb. Evin yeganə övladı olan Maksimi bu yola heç kim təhrik etməyib. Qərarı, uşaq olsa da, özü verib. Onun idmana olan sevgisi babasından və atasından qaynaqlanır. Çünki, uşaqlıq illərindən həyatını idmana bağlayan gəncin babası vaxtilə üzgüçülük üzrə olimpiya oyunlarında iştirak edib. 1968-72-ci illərdə uğurlar qazanıb. Babasının son dərəcə maraqlı, həyatsevər insan olması, bu idman növü haqqında maraqlı söhbətləri Maksimə üzgüçülüyü sevdirib. Onun atası isə velosiped üzrə tanınmış beynəlxalq dərəcəli idman ustası, SSRİ yığma komandasının üzvü, SSRİ çempionatının mükafatçısı olub. Atasının SSRİ birinciliklərində müvəffəqiyyətli çıxışları bu gün də Ukraynada yaddaşlardadır.

Maksim təbiətcə mülayim, gülərüz, əzmkar, məğrur oğlandır. Heç vaxt məğlubiyyətlə barışmaması, dönməzliliyi onun idman nailiyyətlərinin əsasını təşkil edir.

O, Ukrayna komandasının tərkibində 2010-cu ildə Finlandiyanın Tampere şəhərində Avropa çempionu olub (400 metr). 2011-ci ildə Belqradda gənclərin Avropa çempionatında yenidən 400 metr məsafədə adını ilk pilləyə yazdırıb. Həmçinin həmin il Peruda keçirilmiş gənclərin dünya çempionatında 200 metr məsafədə bürünc medal qazanıb. O, 400 metrlik məsafədə yeniyetmələr arasında dünya çempionudur.

2015-ci ildən Azərbaycan yığma komandasını təmsil edən Maksim bu il martın 4-dən 6-na qədər Almaniyanın Berlin şəhərində keçirilmiş "Swim Meeting" beynəlxalq turnirində 1500 metr məsafəyə (15 dəqiqə 38,59 saniyə) sərbəst üsulla üzmədə qızıl, 400 metr məsafəyə kompleks üzmə yarışlarında gümüş (24,03 saniyə) medal qazanıb. Bununla o, 200 metr məsafəyə brass üsulu ilə, 1500 metrdə sərbəst, 400 metr məsafəyə isə qarışıq üsulla üzmə yarışlarında ilk dəfə Azərbaycana olimpiya lisenziyası qazandırıb.

Olimpiya oyunları bu gənc üçün yad deyil. İlk dəfə o, London Olimpiadasının yarımfinalçısı olub. Ötən 4 il ərzində əldə olunan təcrübə onu potensiallı idmançı edib. Rio Yay Olimpiya Oyunları Maksimin məsuliyyətini birə on artırıb. İndi gəncin tək arzusu gələcəkdə adının əsl qəhrəman kimi hallanmasıdır.

Maksim qarşıdakı olimpiadanın ondan böyük fiziki və mənəvi qüvvə tələb etdiyini hiss edir. Sonuncu yarışında var qüvvəsini toplayaraq yeni qələbəyə imza atıb. İndi isə onun üzərində böyük idman tapşırığı var. İnanırıq ki, bütün imkanlarından istifadə edərək, qarşıdakı olimpiadadan Azərbaycana böyük qələbələr gətirəcək. Üzgüçülüyün sirlərinə yiyələnməkdə ona yaxından kömək edən baş məşqçi Rəşad Abdurəhmanovun sözlərinə görə, Azərbaycan ona etimad göstərməkdə səhv etməyib: "Maksimə ümidlər böyükdür. İnanıram ki, olimpiadada bizləri sevindirəcək. Öz gücü, çevikliyi, dönməzliyi baxımından seçilən idmançıdır. O, idman tariximizə yeni uğurlar yaza bilər. Çünki uğura çatacaq qədər potensiala malikdir. Maksim ilk üzgüçüdür ki, ölkəmizə lisenziya qazandırıb. Özü də bir üsulda yox, ən ağır növlərdə, yəni üç növdə - 1500 metrə sərbəst, 400 metrə kompleks, 200 metrə brass üsullarında. Nəticələri daha da yaxşılaşdırmaq üçün bunu bir neçə dəfə təkrar edib. İnanırıq ki, yeni bir tarix Rioda yazılacaq. İndi bütün diqqət Rio Olimpiadasından qabaq - iyunun 26-da - Latviyanın Riqa şəhərində keçiriləcək yarışadır. Sadəcə, ondan "A" lisenziyasını gözlədiyimiz üçün olimpiada barədə tam dəqiq proqnozu bu yarışdan sonra verə bilərəm".

Aynurə PƏNAHQIZI



Xəbər 1855 dəfə oxundu.