Bakıda Avropa Qran-pri yürüşlərinin gecə vaxtı keçirilməsi hələlik planlaşdırılmır
“Baku City Circuit”in icraçı direktoru Arif Rəhimov deyib ki, yürüşlərin süni işıqlandırılma şəraitində keçirilməsi hələlik planlaşdırılmır. Lakin bir müddətdən sonra təşkilatçılar bu ideyaya yenidən qayıda bilərlər.

Arif Rəhimovun sözlərinə görə, bu məsələ həm “Formula-1” yürüşlərinin nümayəndələri, həm də azarkeşlər tərəfindən təklif olunub və xeyli müzakirə edilib. Təbii ki, yürüşlərin gecə vaxtı keçirilməsi əlavə xərclərlə bağlıdır və trasın daha da mürəkkəbləşməsinə səbəb olur. Birinci il üçün işıqlandırma problemi nəzərdən keçirilməsə də başqa məsələlər az deyildi, buna görə hələlik bu addım atılmayıb.

Arif Rəhimov deyib: “Qəti plan yoxdur. Ola bilsin ki, haçansa gecə yürüşlərinə keçəcəyik. Bakı gecə vaxtı çox gözəl görünür, lakin müəyyən kompromisə getmək lazımdır. Bizim şəhərimiz elə gündüz də qəşəngdir”.

Xəbər 618 dəfə oxundu.