General Həzi Aslanovun xatirəsinə həsr edilən ənənəvi cüdo turnirinin təntənəli açılışı olub
İki dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Aslanovun xatirəsinə həsr olunmuş cüdo üzrə ənənəvi XXXVIII beynəlxalq turnirin iyunun 4-də Bakı İdman Sarayında təntənəli açılış mərasimi keçirilib.

Əvvəlcə iştirakçı dövlətlərin bayrağı arenaya gətirilib.

Yarışın əhəmiyyətini yüksək qiymətləndirən gənclər və idman naziri Azad Rəhimov Azərbaycanın dünyada idman ölkəsi kimi tanındığını diqqətə çatdırıb. Nazir bildirib ki, ölkəmizdə idmanın inkişafına dövlət tərəfindən böyük diqqət və qayğı göstərilir. İdmançılarımız beynəlxalq arenada ölkəmizi uğurla təmsil edirlər. “Bu gün Azərbaycan mötəbər beynəlxalq yarışlara yüksək səviyyədə ev sahibliyi edir. Buna “Bakı-2015” birinci Avropa Oyunlarını, Avropa və dünya çempionatlarını misal göstərmək olar. Artıq beynəlxalq qurumlar da tərəddüd etmədən irimiqyaslı yarışların keçirilməsini ölkəmizə həvalə edirlər. Qarşıda bizi “Formula-1” Avropa Qran-prisi, Ümumdünya Şahmat Olimpiadası, IV İslam Həmrəylik Oyunları və digər mötəbər turnirlər gözləyir”, - deyə nazir əlavə edib.

General-mayor Həzi Aslanovun xatirə turnirinin ölkə idmanı üçün əlamətdar hadisə olduğunu vurğulayan nazir bu yarışdan istedadlı gənc idmançıların çıxacağına əminliyini bildirib.

Azərbaycan Cüdo Federasiyasının prezidenti Rövnəq Abdullayev ölkəmizdə idmanın, o cümlədən cüdonun inkişafına göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevə təşəkkürünü bildirib. Son illər ölkəmizdə müntəzəm qaydada beynəlxalq turnirlərin keçirildiyini diqqətə çatdıran R.Abdullayev bunu Azərbaycanın dünyanın idman mərkəzi kimi tanınmasının bariz nümunəsi olduğunu söyləyib.

Məşhur sərkərdənin nəvəsi, polis general-mayoru Həzi Aslanov idmançılara uğurlar arzulayıb. O, 1975-ci ildə dahi siyasətçi Heydər Əliyev tərəfindən əsası qoyulan bu turnirin cüdonun inkişafı istiqamətində mühüm mərhələ olduğunu qeyd edib. H.Aslanov cüdoçularımızın beynəlxalq yarışlarda qazandıqları qələbələrin Azərbaycanda idmanın bu növünün böyük gələcəyindən xəbər verdiyini diqqətə çatdırıb.

Sonra Respublika Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Şurasının təsis etdiyi “General Həzi Aslanov xatirə yubileyi” medalı Azad Rəhimova və Rövnəq Abdullayevə təqdim olunub. Sərkərdənin nəvəsi Həzi Aslanov da təltif olunub.

Medalı şuranın sədri, ehtiyatda olan general-mayor Dadaş Rzayev təqdim edib.

Tədbir konsert proqramı ilə davam edib.

Milli Olimpiya Komitəsinin, Gənclər və İdman Nazirliyinin, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin və Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə keçirilən yarışda Azərbaycan, Rusiya, İran, Gürcüstan, Türkmənistan, Qırğızıstan, İsrail, Sloveniya, Xorvatiya və Macarıstandan 300-dən çox idmançı birincilik uğrunda mübarizə aparır.

1999-2001-ci il təvəllüdlü idmançılar arasında təşkil olunan yarışda 18 çəki dərəcəsi üzrə qaliblər müəyyənləşəcək. Tədbirin keçirilməsində məqsəd Həzi Aslanovun xatirəsinin əbədiləşdirilməsi, cüdonun geniş təbliğ olunması, iştirakçıların idman ustalığının artırılması, xarici ölkələrin idmançıları ilə dostluq və idman əlaqələrinin möhkəmləndirilməsi və ən güclü atletlərin üzə çıxarılmasıdır.

Xəbər 722 dəfə oxundu.