“Bakı Şəhər Halqası” Əməliyyat Şirkəti xeyriyyə yarmarkası təşkil edib
İyunun 4-də Fəvvarələr meydanında “Formula-1” Avropa Qran-prisinin təşkilatçısı “Bakı Şəhər Halqası” Əməliyyat Şirkəti tərəfindən xeyriyyə yarmarkası keçirilib.

Yarmarkada Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə və Reabilitasiya Mərkəzinin sakinlərinin 100-dən çox əl işi satışa çıxarılıb. Mərkəzin 60-dək sakininin hazırladığı əl işləri paytaxt sakinlərinin və şəhərimizin qonaqlarının böyük marağı ilə qarşılanıb. Yarmarka açıq elan olunandan sonra Bakı sakinləri sevdiyi əl işlərini alaraq oradan xoş təəssüratlarla ayrılıblar.

“Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin insan resursları şöbəsinin baş əlaqələndiricisi Türkan Məmmədova yarmarkanın əhəmiyyətini yüksək qiymətləndirib. Bildirib ki, sağlamlıq imkanları məhdud gənclərin əl işlərinin satışı üçün bu yarmarka gözəl fürsətdir. Gənclər sevindikcə biz də onların xoş anlarına qoşulub, bu məqamı onlarla birgə yaşayırıq. Ən əsası, bu, onların əməyinə olan böyük diqqətdir. Sevindirici haldır ki, paytaxt sakinləri də yarmarkada fəal iştirak edirlər. Yarmarkanın təşkilində könüllülərin də əməyindən istifadə olunub. Əməliyyat Şirkətinin həmişə sosial yönümlü layihələrə önəm verdiyini diqqətə çatdıran Türkan Məmmədova belə tədbirlərin bundan sonra da davam edəcəyini bildirib.

“Sağlamlıq imkanları məhdud gənclərin əl işlərinin sərgi və yarmarkalarının dəfələrlə təşkil olunduğunu deyən Mərkəzin metodisti Venera Yusubova bu tədbirin onları daha da həvəsləndirəcəyini vurğulayıb. “Yarmarkadan əldə olunan gəlir sağlamlıq imkanları məhdud insanlara veriləcək. Əldə olunacaq məbləğdən, həmçinin materialların alınmasında da istifadə olunacaq. Hər bir əl işinin üzərində onu hazırlayan şəxsin adı qeyd olunub. Bu gün 100-dən çox əl işi satışa çıxarılıb. Sevindirici haldır ki, sağlamlıq imkanları məhdud insanların zəhməti hədər getmir. “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinə göstərdiyi diqqətə görə minnətdarlığımızı bildiririk”, - deyə Venera Yusubova bildirib.

Xəbər 658 dəfə oxundu.