Samir Cəbrayılov Ukrayna turunun ən yaxşı gənc velosipedçisidir
Ukraynada Beynəlxalq Velosipedçilər İttifaqının 2.2 kateqoriyalı "Tour of Ukraine" veloturuna yekun vurulub. 19 komandanın iştirak etdiyi 3 günlük yarış Azərbaycan velosipedçiləri üçün uğurla başa çatıb.

Yarışın elə birinci mərhələsindən etibarən yaşı 23-dək olan ən yaxşı gənc velosipedçi üçün nəzərdə tutulmuş köynəyi ələ keçirən U-23 yığmamız və "Synergy Baku" komandasının üzvü Samir Cəbrayılov üstünlüyünü sonadək qoruyub. "Ən yaxşı gənc velosipedçi" köynəyindən başqa, Samir ilk yarış günündə olduğu kimi, sonuncu mərhələdə də finiş xəttini 3-cü keçib və ümumi təsnifatda 114 velosipedçi arasında 4-cü yeri tutub.

Qeyd edək ki, "Synergy Baku" "Tour of Ukraine"da Elgün Əlizadə, Kənan Qəhrəmanlı, Elçin Əsədov, Samir Cəbrayılov, Aleksandr Surutkoviç və İsmayıl İlyasovdan ibarət heyətlə mübarizə aparıb.

Xəbər 693 dəfə oxundu.