“SOCAR-la Fransada keçiriləcək “AVRO-2016”nın finalına doğru” kampaniyasının 2-ci mərhələsi başa çatıb
SOCAR-ın Rumıniyadakı “SOCAR Petroleum SA” şirkətinin təşkil etdiyi “SOCAR-la Fransada keçiriləcək “AVRO-2016”nın finalına doğru” kampaniyasının 2-ci mərhələsinə yekun vurulub.

SOCAR-ın paytaxt Buxarestdəki yanacaqdoldurma məntəqələrinin birində təşkil olunan və “SOCAR Petroleum SA” əməkdaşlarının, eləcə də KİV nümayəndələrinin iştirakı ilə keçirilən mərasimdə kampaniyanın növbəti 10 qalibi müəyyən edilib. Qaliblər Fransada keçiriləcək futbol üzrə Avropa çempionatının qrup mərhələsindəki Rumıniya-İsveçrə oyununa 2 nəfərlik bilet qazanıblar. Uduşa həmçinin qaliblərin təyyarə ilə gediş-dönüş biletləri, qarşılanma və yolasalınma və otel xərcləri daxildir.

Xatırladaq ki, 11 aprel-22 may tarixlərini əhatə edən 2-ci mərhələdə SOCAR-ın Rumıniya ərazisində fəaliyyət göstərən 33 yanacaqdoldurma məntəqəsində 60 litr həcmində yanacaq alan hər bir müştəri lotereya kuponu əldə edərək kampaniyada iştirak etmək hüququ qazanıb. Kampaniyanın qarşıdakı növbəti 2 mərhələsində isə daha 11 qalib futbol üzrə Avropa çempionatının qrup mərhələsi və final oyunlarına bilet qazanmaq imkanı əldə edəcək. Hər bir mərhələnin sonunda kampaniyanın qalibləri “SOCAR Petroleum SA”nın ofisinə dəvət olunur və onlara biletlər xüsusi mərasimdə təqdim edilir. Qeyd edək ki, kampaniya 15 mart-30 iyun tarixlərini əhatə edir.

Xəbər 655 dəfə oxundu.