“Formula-1” Avropa Qran-prisi Yaxın Şərq ölkələrində də idmansevərlərin diqqət mərkəzindədir
Bu ilin iyununda Bakıda ilk dəfə təşkil olunacaq “Formula-1” üzrə Avropa Qran-prisi Yaxın Şərq ölkələrində də idman ictimaiyyətinin diqqət mərkəzindədir.

Ərəb mediası Bakı Qran-prisini futbol üzrə Avropa çempionatı ilə birlikdə bu yayın iki ən önəmli idman hadisəsi kimi qiymətləndirir. “Formula-1”in Bakı mərhələsi regionun ən nüfuzlu idman telekanallarının yayım proqramında da yerini alıb.

Azərbaycanın ev sahibliyi ilə təşkil olunacaq sürət yarışına dair xəbərlər beynəlxalq Qran-prilərin qərargahı hesab olunan Abu-Dabidəki “Yas Marina Circuit” informasiya mərkəzində maraqla və diqqətlə izlənilir. Buradan ərəb ölkələrində fəaliyyət göstərən müxtəlif idman portallarına vaxtaşırı məlumatlar ötürülür, Bakıda gedən son hazırlıq işləri barədə qiymətləndirmə aparılır. “Dubai Sport”, “Bein TV”, “Al Jazeera Sport” kimi beynəlxalq nüfuza sahib media qurumları da Bakı Qran-prisini diqqət mərkəzində saxlayır. Yaxın Şərqin bir sıra ölkələrində sürət yarışları idmanın digər növlərindən daha çox sevilir. Bu baxımdan ölkəmizdə ilk dəfə keçiriləcək “Formula-1” yarışına ictimai maraq yüksəkdir.

“Formula-1” üzrə beynəlxalq Qran-prilərin təşkilində xüsusi təcrübəyə malik olan Bəhreyn, Qətər və BƏƏ-nin yerli media orqanları Azərbaycanın idmanın bu növünə verdiyi önəmi və ölkəmizin təşkilatçılıq keyfiyyətlərini yüksək dəyərləndirir. İdman mütəxəssisləri təcrübədən çıxış edərək bildirirlər ki, belə mötəbər yarışın təşkili ölkənin beynəlxalq təbliği və turizmin inkişafı baxımından mühüm rol oynayır.

Xəbər 633 dəfə oxundu.