XXVIII spartakiadada mini-futbol yarışlarına yekun vurulub
Nərimanov rayonu ərazisində yerləşən Məktəb Lisey Kompleksinin meydançasında Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) və Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən paytaxt məktəbliləri arasında XXVIII spartakiadanın proqramına daxil olan mini–futbol növü üzrə yarışın final oyunu keçirilib.

V–VI sinif şagirdləri arasında keçirilən yarışın yekun nəticəsinə görə, birinci yeri Suraxanı rayonu 141 nömrəli orta məktəbin komandası tutub. Səbail rayonu 189–190 nömrəli tam orta məktəb ikinci, Nəsimi rayonu 5 nömrəli orta məktəbin komandası isə üçüncü olub.

Yarışın bağlanış mərasimində Baş İdarəsinin sektor müdiri, XXVIII spartakiadanın baş hakimi Adil Ağayev, Baş İdarənin baş məsləhətçisi, XXVIII spartakiadanın baş hakimin müavini Salman Əbdülov və digər rəsmi şəxslər qalibləri təbrik edib, onlara gələcək yarışlarda müvəffəqiyyətlər arzulayıblar.

Yarışda ilk üç yeri tutmuş komandaların üzvləri Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlar və medallarla təltif olunublar.

Xəbər 674 dəfə oxundu.