«Ay-ulduzlularımız» Bəhreynlə qarşılaşacaq
Azərbaycan milli komandasının növbəti təlim-məşq toplanışın vaxtı açıqlanıb. İdman.com.az saytının məlumatına görə, baş məşqçi Berti Foqts apreldə yığmanı Bakıda bir araya gətirəcək.

Komandamız daha sonra mayın sonları – iyunun əvvəlində daha 2 yoldaşlıq oyununda qüvvəsini sınayacaq. DÇ-2014-ün seçmə mərhələsinin startından öncə sonuncu yoxlama oyunu avqustda Bəhreyn millisinə qarşı olacaq.

Bu zaman komanda 2 gün əvvəl bir araya gələcək. Artıq bununla bağlı Peşəkar Futbol Liqası ilə razılıq əldə olunub. Foqtsun sözünə görə, bununla da dünya çempionatının hazırlığına yekun vurulacaq: “Bəhreynlə matçdan sonra DÇ-nin seçmə mərhələsinə hazırlığı başa vuracağıq. İsrail yığması ilə ev oyununda 3 xal qazanmaq istəyirik”.

Qeyd edək ki, millimizin fevralın 22-dən martın 1-dək Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təlim-məşq toplanışında olacaq.

Xəbər 1059 dəfə oxundu.