“Ümid yeri” uşaq sığınacağının sakinləri “Formula-1” əyləncə zonasından xoş təəssüratlarla ayrılıblar
Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə iyunun 1-də Dənizkənarı Milli Parkda yerləşən “Formula-1” əyləncə zonasında “Ümid yeri” uşaq sığınacağının sakinləri üçün əyləncəli tədbir təşkil olunub.

6-18 yaşlı 33 uşağın qatıldığı tədbir maraqlı məqamlarla yadda qalıb. Tədbirdə uşaqlar simulyatorlarda əylənib və maraqlı oyunlara qatılıblar. Həmçinin uşaqlar üçün maraqlı hədiyyələr də hazırlanıb. Məşhur cizgi filmlərinin qəhrəmanlarının obrazları isə uşaqlarda xoş təəssüratlar yaradıb.

“Formula-1” üzrə Avropa Qran-pri yarışlarının təşkilatçısı “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin insan resursları şöbəsinin baş əlaqələndiricisi Türkan Məmmədova tədbirin əhəmiyyətini yüksək qiymətləndirib. Qeyd edib ki, bu gün “Formula-1” əyləncə zonasında uşaqların vaxtının mənalı keçməsi üçün hər cür şərait yaradılıb. Uşaqlar sevindikcə biz də onların xoş anlarına qoşulub, bu məqamı onlarla birgə yaşayırıq.

“Ümid yeri” uşaq sığınacağının təşkilatçısı Vüsalə Sadıqova tədbirə görə “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinə minnətdarlığını bildirərək deyib: “Bu tədbir bizim sığınacaqdan olan uşaqlara qarşı böyük diqqətdir. Belə əlamətdar gündə onları sevindirmək və əhvalını yüksəltmək bizi çox sevindirir. Bizim sığınacaqda olan uşaqların bir qismi burada iştirak edir. Onlar üçün burada hər cür şərait yaradılıb. Onlara bəxş olunan təbəssüm və uşaqların ürəkdən əylənməsi göstərilən qayğının bir parçasıdır”.

Uşaqlar “Formula-1” əyləncə zonasından xoş təəssüratlarla ayrılıblar.

Xəbər 702 dəfə oxundu.