Teymur Rəcəbov: Şahmat Azərbaycanda bir nömrəli idman növüdür
Vüqar Həşimovun xatirəsinə həsr olunan Shamkir Chess 2016 superturnirinin 6-cı turunda Azərbaycan şahmatçıları Teymur Rəcəbovla Şəhriyar Məmmədyarov heç-heçə oynayıb. Partiyadan sonra Rəcəbov oyun haqda bunları deyib:

"Şəhriyarla oyun heç-heçə başa çatdı. Heç bir üstünlük yox idi. Ona görə də bərabərlik qaçılmaz oldu. Fikrimcə partiyada fəallıq hiss olunmurdu".

Teymur Rəcəbov Şəmkir turnirində çalışdığı məşqçinin adını çəkmək istəmədiyini bildirdi: "Əlbəttə, kompyuter vasitəsilə hazırlaşırıq. Kömək edən insanların adını çəkmək istəmirəm. Bəzən şahmatçı məşqçini yarışa özüylə gətirir ki, rəqibləri qorxutsun. Belə amilləri xoşlamıram. İşlədiyim məşqçilərin adını açıqlamaq istəməzdim".

Bakı Şahmat Olimpiadasının Azərbaycanın həyatında xüsusi yer tutacağını deyən Rəcəbov şahmatın ölkəmizdə inkişafda olduğunu vurğuladı: "Ölkədə şahmatın inkişafı üçün hər cür şərait var. Məktəblərdə şahmat dərsləri keçirilir. Üstəlik dövlət səviyyəsində şahmatçılar üçün bütün imkanlar yaradılıb. Azərbaycanda şahmata böyük maraq var. Fikrimcə şahmat ölkədə bir nömrəli idman növüdür. Olimpiadaya hazırlıq barədə federasiyada proqram hazırlanıb. Bu barədə federasiyada ətraflı məlumat verilə bilər".

Xəbər 647 dəfə oxundu.