“Formula-1” çempionu Luis Hamiltonun reallaşan kövrək uşaqlıq arzuları
“Formula-1” üzrə Avropa Qran-prisi yaxınlaşdıqca bu mötəbər yarışın həyəcanı daha da artır. Sürət və adrenalin sevən Azərbaycan azarkeşləri Bakı şəhər halqasında təşkil olunacaq möhtəşəm yarışdan zövq alacaqlar. “Formula-1”in Bakı mərhələsində dünyanın ən məşhur pilotları birincilik uğrunda mübarizə aparacaqlar. Bunlardan biri də hazırkı çempion, britaniyalı Luis Hamiltondur.

“Mercedes AMG Petronas” komandasının pilotu L.Hamilton üç dəfə – 2008-ci, 2014-cü və 2015-ci illərdə dünya çempionu adını qazanıb. O, hazırda dünyanın ən yaxşı “Formula-1” pilotu hesab olunur. 1985-ci ildə İngiltərənin Stivenis şəhərində anadan olan L.Hamilton 8 yaşından kartinqlə məşğul olmağa başlayıb. Burada qazandığı nailiyyətlər onun “Formula-Reno” və “Formula-3” yarışlarında gücünü sınamasına imkan yaradıb.

On yaşında Hamilton “McLaren” komandasının rəhbəri Ron Dennisdən avtoqraf alarkən demişdi: “Salam. Mən Luis Hamiltonam. Mən kartinq üzrə Britaniya çempionatının qalibi olmuşam. Vaxt gələcək mən sizin bolidləri də sürəcəyəm”. Hamiltonla Ron Dennisin əməkdaşlığı özünü çox gözlətmədi. Cəmi üç il sonra Ron Dennis gənc pilotlara dəstək kampaniyası çərçivəsində Hamilton ilə müqavilə imzaladı. “Formula-Reno”, “Formula-3” Avropa seriyası və GP-2 yarışlarında qələbə qazanan britaniyalı pilot 2007-ci ildə “Vodafone McLaren Mercedes” komandasının heyətində “Formula-1” yarışlarında debüt etdi.

Luis Hamilton “Formula-1” yarışında ilk qaradərili pilotdur. O, “İndianapolis Motor Spidvey” trasının istənilən disiplinində birinci olub. Debüt etdiyi 2007-ci ilində Hamilton bir çox rekordları ilə yadda qaldı. O, Kimi Raykkonenə cəmi 1 xal uduzaraq çempionluğu əldən verib.

Lorentso Bandini mükafatının və Mayk Hotronun xatirə trofeyinin sahibi olan Hamilton 2014-cü ildə “BBC”nin sorğusuna əsasən, ilin ən yaxşı idmançısı seçilib. Pilot 2007-ci ildən 2012-ci ilədək “Vodafone McLaren Mercedes”, 2013-cü ildən isə “Mercedes AMG Petronas” komandasının heyətində çıxış edir.

Cari çempionatda Hamilton 6 Qran-pridən yalnız birində qalib gəlsə də, topladığı xalların sayına görə ümumi sıralamada ikinci yerdədir.

Xəbər 666 dəfə oxundu.