“Formula-1” Avropa Qran-prisinə hazırlıqlar yekunlaşmaq üzrədir
“Formula-1” Avropa Qran-pri yarışlarına üç həftədən az vaxt qalıb. Vaxt azaldıqca hazırlıq işlərinin gedişi daha da sürətlənir. Yarışın keçiriləcəyi ərazidə artıq bütün təhlükəsizlik tədbirləri görülüb.

Yarışla bağlı son tamamlama işlərinin aparıldığı müddətdə istər yerli, istərsə də əcnəbi azarkeşlər Avropa Qran-prisini həyəcanla gözləyirlər. Hazırda Azadlıq meydanında inşa olunan Paddok arenasında son tamamlama işləri gedir. Böyük bir ərazini əhatə edən kompleksdə yarışa nəzarət binası, Beynəlxalq Avtomobil Federasiyasının, “Formula-1” rəhbərliyinin ofisləri, eləcə də 22 iştirakçının hər biri üçün 2 ədəd olmaqla 44 dayanacaq tikilib. İkinci mərtəbə Paddok klubun üzvləri üçün nəzərdə tutulub. Onlar yarışı 2500-dək izləyici tutumuna malik məkandan izləyəcəklər. Burada onlar üçün beş ulduz səviyyəsində hər cür imkanlar yaradılacaq. Paddok klubun üzvləri burada pit-stop əməliyyatlarını da rahatlıqla izləyə biləcəklər. Məhz bu ərazidə yarışın startı və finişi olacaq. Qaliblər isə pit binasının podium hissəsində mükafatlandırılacaqlar.

Bakı şəhər halqasının yarış obyektinin tikintisi üzrə rəhbəri Tomas Butçer deyib: “Şadam ki, işlər plan üzrə gedir. Bu gün işlərin 90 faizindən çoxu yekunlaşıb. Hazırda yalnız tamamlanma işləri aparılır. Pit xətti ətrafındakı divarın tamamlama işləri 95 faiz yekunlaşıb. Paddok sahəsinə daxil olan tikinti quraşdırma işləri iyunun 6-da təhvil veriləcək. Yarışlara bir neçə gün qalmış Beynəlxalq Avtomobil Federasiyası görülən işləri yoxlayacaq və yekun rəy verəcək. Hər kəsi Bakıda təşkil olunacaq “Formula-1” yarışlarına baxmağa dəvət edirəm. İnanıram ki, bu turnirin tarixində ən yadda qalan yarışlardan biri olacaq. Çünki Bakı turnirində bir çox özəlliklər var”.

Qeyd edək ki, yarışın keçiriləcəyi ərazidə bütün təhlükəsizlik tədbirləri görülüb. Bu qaydalara yarış günü də ciddi riayət olunacaq.

Xəbər 670 dəfə oxundu.