Bakıda “V1 Challenge 2016” Azərbaycan çempionatı keçirilib
Azərbaycan Avtomobil Federasiyasının (AAF) təşkilatçılığı ilə Bakıda “V1 Challenge 2016” ölkə çempionatı keçirilib.

Bakı Olimpiya Stadionunda, Böyükşor parkı ətrafında açıq havada təşkil olunan çempionatda 12 yerli pilot “Volkicar” idman avtomobillərində yarışıb.

Pilotlar hər birində 4 nəfər olmaqla 3 qrupda məharətini göstərib. Hər qrupun qalibi finalda birincilik uğrunda mübarizə aparıb. İki saatdan artıq davam edən yarış gərgin anlar və müxtəlif maraqlı şou ilə yadda qalıb.

Finalda pilotlar Hamlet Fərəcov birinci, Murad Həsənov ikinci, Rəhim Orucov isə üçüncü yerin sahibi olub.

Qaliblərə kubok və pul mükafatları verilib.

Çempionatın qalibi Hamlet Fərəcov peşəkar avtomobil yarışına ilk dəfə qoşulduğunu bildirib. O, avtomobil həvəskarı olan gəncləri bir araya toplayaraq, onların bacarıq və qabiliyyətlərini peşəkar səviyyədə həyata keçirmələrinə şərait yaratdığına görə Azərbaycan Avtomobil Federasiyasına təşəkkürünü ifadə edib.

Qaliblər yüksək sürət sevənləri şəhərin küçələrində deyil, trekdə rəqabət aparmağa çağırıblar.

Çempionat zamanı tamaşaçılara, həmçinin müxtəlif idman avtomobillərinin şousu təqdim olunub.

Azərbaycan Avtomobil Federasiyası bu günədək avtomobil idmanının inkişafı, o cümlədən bu idman növünün gənclər arasında yayılması və yerli pilotların hazırlanmasına dəstək verən bir sıra layihələr həyata keçirib.

Xəbər 800 dəfə oxundu.