Xızıda yunan-Roma güləşi üzrə açıq rayon birinciliyinin qalibləri müəyyənləşib
28 May – Respublika Günü münasibətilə Xızı rayonunun Şuraabad qəsəbəsində 2001-2003-cü il təvəllüdlü yunan-Roma güləşçiləri arasında açıq rayon birinciliyi keçirilib.

Birincilikdə 12 komanda, ümumilikdə 130 güləşçi medallar uğrunda mübarizə aparıb.

Yarışın açılış mərasimində çıxış edən Gənclər və İdman Nazirliyinin baş məsləhətçisi Tofiq Eyvazov ölkəmizdə idmanın inkişafına göstərilən dövlət qayğısından danışıb, pəhləvanlarımızın beynəlxalq arenalarda qazandıqları nailiyyətləri yüksək qiymətləndirib.

Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Namiq Abdullayev, ikiqat paralimpiya çempionu cüdoçu İlham Zəkiyev və digər çıxış edənlər yarışın əhəmiyyətini yüksək qiymətləndiriblər. Vurğulanıb ki, güclü idman ölkəsinə çevrilən Azərbaycanın Olimpiya hərəkatında fəal iştirakı, idmançılarımızın göstərdikləri yüksək nəticələr respublikamızın bu sahədə güclü potensiala malik olması ilə yanaşı, dövlətin diqqət və qayğısını əks etdirir. Azərbaycanda idmanın inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Liderin siyasətini uğurla davam etdirən dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin bilavasitə diqqət və qayğısı nəticəsində idman sahəsində uğurlarımız ildən-ilə daha da artır. Ötən il paytaxtımız birinci Avropa Oyunlarına yüksək səviyyədə ev sahibliyi etdi. Avropanın 6 mindən artıq idmançısı “Bakı-2015”də medallar uğrunda mübarizə apardı. Oyunların keçirildiyi müddətdə təkcə Avropanın deyil, bütün dünyanın diqqəti Azərbaycana yönəlmişdi.

Gərgin idman mübarizəsi şəraitində keçən yarışda Səid Xəlilov (26 kq), Seymur Qasımov (29 kq), Rəvan Nuriyev (32 kq), Allahşükür Əliyev (35 kq), Əli Həsənov (38 kq), Orxan Nəsibov (42 kq), Əli Rəhimli (46 kq), Ümid Ərzumanov (50 kq), Arif Məmmədov (54 kq), Heybət Abdullayev (58 kq) və Ağaseyid Əlizadə (63 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Xəbər 678 dəfə oxundu.