Naxçıvanda “Heydər Əliyev kuboku” uğrunda futbol turniri yekunlaşıb
Mayın 25-də Naxçıvan Muxtar Respublika Stadionunda start götürən, ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş “Heydər Əliyev kuboku” uğrunda futbol turniri başa çatıb.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin, Futbol Federasiyasının və Azərbaycan Peşəkar Futbol Liqasının birgə keçirdikləri turnirdə Azərbaycan Birinci Divizionunun qalibi “Neftçala”, həmçinin bu liqada çıxış edən MOİK, “Şərurspor” və Naxçıvanın “Araz-Naxçıvan” komandaları mübarizə aparıblar.

İlk görüşdə meydana “Araz-Naxçıvan” və “Neftçala” komandaları çıxıblar. Oyun Neftçala təmsilçisinin 3:0 hesablı qələbəsi ilə başa çatıb. Digər görüşdə isə “Şərurspor” və MOİK komandaları üz-üzə gəliblər. Oyunun əsas vaxtı heç-heçə (2:2) başa çatıb. Qalibi müəyyənləşdirmək üçün təyin olunan penalti zərbələrini daha dəqiq yerinə yetirən MOİK futbolçuları finala yüksəliblər.

Üçüncü yer uğrunda keçirilən oyunda “Şərurspor” “Araz-Naxçıvan”a qalib gələrək turnirin bürünc medalını qazanıb.

Final görüşündə isə MOİK və “Neftçala” qarşılaşıb. Görüş “Neftçala” komandasının minimal hesablı qələbəsi ilə yekunlaşıb. Beləliklə, “Neftçala” turnirin qalibi olub.

Sonda qalib komandalar mükafatlandırılıb. Mükafatları Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Azad Cabbarov, Futbol Federasiyasının sədri Səbuhi Şahverdiyev və Azərbaycan Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev təqdim ediblər.

Qeyd edək ki, oyunları Peşəkar Futbol Liqası tərəfindən təyin edilmiş hakimlər briqadası idarə edib.

Xəbər 742 dəfə oxundu.