Cüdoçularımız “World Masters” turnirində iki medal qazanıblar
Meksikanın Qvadalaxara şəhərində olimpiya oyunlarına son lisenziya xarakterli “World Masters” turnirinə start verilib. Mötəbər turnirin ilk günüdə Azərbaycan millisinin iki üzvü tatami üzərinə çıxıb.

60 kiloqram çəki dərəcəsində ölkəmizi təmsil edən Orxan Səfərov yarışa 1/4 final mərhələsindən, türkiyəli idmaçı Bəkir Özlü üzərində qələbə qazanaraq başlayıb. Yarımfinalda Fransa cüdoçusu Valide Hyarı məğlub edən O.Səfərov adını finala yazdırıb. Həlledici görüşdə daha bir Fransa təmsilçisi Vinsent Limare ilə qarşılaşan idmançımız rəqibini məğlub edərək qızıl medala sahib olub.

Digər cüdoçumuz Nicat Şıxəlizadə 66 kiloqram çəki dərəcəsində mübarizəyə italiyalı Fabio Basileni məğlub edərək başlayıb. Lakin 1/4 finalda Monqolustan təmsilçisi Tumurxuleq Davadorja məğlub olaraq təsəlliverici görüşlərə qatılıb. N.Şıxəlizadə bu mərhələdəki ilk qarşılaşmasında yaponiyalı Tomofumu Takayo üzərində qələbə qazanıb. Bürünc medal uğrunda görüşdə isə portuqaliyalı Sergiu Oleinikə qalib gələrək millimizin aktivinə ikinci medalı yazdırıb.

Qeyd edək ki, 51 ölkədən 235 idmançının (117 kişi, 118 qadın) mübarizə apardığı “World Masters” turnirində Azərbaycan millisi 7 cüdoçu ilə təmsil olunur.

Xəbər 689 dəfə oxundu.