Vüqar Həşimov Memorialının ikinci turunda Azərbaycan derbisi keçiriləcək
Azərbaycanın Şəmkir şəhəri artıq üçüncü dəfədir ki, Vüqar Həşimovun xatirəsinə həsr edilmiş şahmat turnirinə ev sahibliyi edir. Vüqar Həşimov 2014-cü ilin yanvarında 27 yaşında dünyasını dəyişib.

Vüqar Həşimov Memorialında Azərbaycan qrossmeysterləri Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Eltac Səfərli, Teymur Rəcəbov, habelə Fabiano Karuana (İtaliya), Aniş Giri (Hollandiya), Sergey Karyakin (Rusiya), Pavel Elyanov (Ukrayna), Pentala Harikrişna (Hindistan) və Çin nümayəndəsi Hou İfan iştirak edir.

Birinci turun bütün oyunları heç-heçə başa çatıb. Azərbaycan yığmasının lideri rusiyalı Sergey Karyakinlə görüşdə ağ fiqurlarla oynayıb və 0,5 xal toplayıb. Vüqar Həşimov Memorialının birinci turunda Rauf Məmmədov–Aniş Giri, Teymur Rəcəbov–Hou İfan, Fabiano Karuana–Pentala Harikrişna və Eltac Səfərli–Pavel Elyanov görüşləri də sülhlə başa çatıb.

Üçüncü Vüqar Həşimov Memorialı mayın 25-dən iyunun 15-dək Şəmkirdə keçirilir. Dairəvi sistem üzrə keçirilən turnirdə 10 şahmatçı iştirak edir.

Bu gün ikinci turun oyunlarında Aniş Giri–Sergey Karyakin, Pentala Harikrişna-Şəhriyar Məmmədyarov, Pavel Elyanov–Fabiano Karuana, Hou İfan–Eltac Səfərli və Rauf Məmmədov–Teymur Rəcəbov cütlükləri qarşılaşacaq.

Oyunlarda nəzarət vaxtı belə müəyyən edilib: ilk 40 gediş üçün 2 saat, növbəti 20 gediş üçün 1 saat, 61-ci gedişdən partiyanın sonuna qədər 15 dəqiqə üstəgəl hər gediş üçün 30 saniyə.

Xəbər 642 dəfə oxundu.