Sərbəst güləş üzrə millimiz Olimpiadaya hazırlığı Göygöldə davam etdirir
Güləş üzrə Azərbaycan yığma komandaları qarşıdan gələn yarışlara hazırlıqları davam etdirir. Braziliyada keçiriləcək XXXI Yay Olimpiya Oyunlarına hazırlıq planı üzrə, sərbəst güləş üzrə böyüklərdən ibarət yığma komanda məşqləri Göygöl Olimpiya İdman Kompleksində həyata keçirir.

Mayın 27-də Yay Olimpiya Oyunlarına hazırlaşan sərbəst güləş üzrə yığma komandamızın Göygöl Olimpiya İdman Kompleksində mətbuat üçün açıq məşqi təşkil olunub.

Sərbəst güləşçilərimiz hazırlıqları Kuba komandasının üzvləri ilə birgə davam etdirirlər. Kuba sərbəst güləş yığmasının heyətində dünya və Panamerika çempionatlarının qalibləri və mükafatçıları yer alıblar.

Sonra Azərbaycan və Kuba güləşçilərinin yoldaşlıq görüşü keçiriləcək.

Sərbəst güləş komandamızın təlim-məşq toplanışı mayın 15-dən başlayıb və 30-dək davam edəcək.

Rio-de Janeyroda keçiriləcək XXXI Yay Olimpiya Oyunlarında güləşçilərimiz 14 (sərbəst 6, yunan-Roma 5, qadın 3) idmançı ilə təmsil olunacaq. Yarışlar avqustun 14-21-də keçiriləcək.

Xəbər 885 dəfə oxundu.