Mahir Məmmədov: Azərbaycan yığmasının kapitanının adı yaxın günlərdə məlum olacaq
Qırx ikinci Dünya Şahmat Olimpiadasının başlanmasına cəmi 100 gün qalır. Bununla əlaqədar iş cədvəlimiz gərginləşir. Bu sözləri Bakıda keçiriləcək Olimpiadanın təşkilat komitəsinin direktoru Mahir Məmmədov jurnalistlərə müsahibəsində söyləyib.

O deyib: “Bizim qurumun üzərinə qoyulan öhdəliklərin yerinə yetirilməsi ilə bağlı heç bir problemimiz yoxdur. Görüləsi bütün işlər uğurla həyata keçirilib. Biz bu gün gənclər və idman naziri Azad Rəhimovun sədrliyi və müvafiq dövlət orqanlarının nümayəndələrinin iştirakı ilə xarici şahmatçıların viza məsələlərinin həllinə dair müşavirə keçirdik”.

M.Məmmədov bildirib ki, Azərbaycan istər kişi, istərsə də qadın şahmatçılar arasında üç komanda ilə təmsil olunacaq. Milli yığmanın kapitanının adı yaxın günlərdə açıqlanacaq.

Təşkilat Komitəsinin sədri Dünya Şahmat Olimpiadasında erməni şahmatçıların iştirakı haqqında suala cavab verərək deyib ki, Azərbaycan istənilən ölkədən, o cümlədən Ermənistandan şahmatçıları qəbul etməyə hazırdır. O bildirib ki, bu ölkənin yarışlarda iştirakdan imtina etməsi barədə məlumat daxil olmayıb.

AZƏRTAC

Xəbər 690 dəfə oxundu.