Respublika Günü münasibətilə Səbail məktəbliləri arasında şahmat turniri keçirilib
28 May – Respublika Günü münasibətilə Səbail məktəbliləri arasında şahmat turniri keçirilib.

Turnir Səbail Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının və Azərbaycan Şahmat Federasiyasının birgə təşkilatçılığı ilə keçirilib. Yarışda 6, 7, 49, 50, 91, 132-134, 162, 189-190, 236, 139 nömrəli məktəblərdən 40-dək şagird mübarizə aparıb.

Turnirin açılış mərasimində YAP Səbail rayon təşkilatının sədri, Milli Məclisin deputatı Şəmsəddin Hacıyev, Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənov, beynəlxalq qrossmeysterlər Eltac Səfərli və Arkadi Naydiç iştirak ediblər.

Şəmsəddin Hacıyev tədbirdə çıxış edərək intellektual idman növü olan şahmatın bünövrəsinin Azərbaycanda hələ 1970-ci illərdə ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğunu vurğulayıb. O, bu gün ölkəmizin bütün bölgələrində şahmatın inkişafına göstərilən yüksək diqqət və qayğıdan danışıb. Ş.Hacıyev bildirib ki, şahmatçılarımızın beynəlxalq səviyyəli mötəbər yarışlarda əldə etdiyi uğurlar Prezident İlham Əliyevin idmanın bu növünə diqqət və qayğısının göstəricisidir. Ölkəmizdə hazırda 22 beynəlxalq qrossmeyster, 15 beynəlxalq usta, 8 FİDE ustası var. FİDE-nin elan etdiyi reytinq cədvəlində Azərbaycan 153 ölkə arasında 5-ci yerdə qərarlaşıb.

Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti bildirib ki, indi hər bir şəhərdə müasir şahmat evləri, məktəbləri var. Azərbaycan gənclərinin istedadı və peşəkarlığı idmanın bu növündə intellektual potensialımızı artırmağa imkan verir. Bu gün Azərbaycan şahmat aləmində ən yüksək yerlərdədir. Təsadüfi deyil ki, 2016-cı ilin sentyabrında Dünya Şahmat Olimpiadası da Azərbaycanda keçiriləcək. Bu qərarın qəbul edilməsində təkcə Azərbaycanın yüksək təşkilatçılıq qabiliyyəti yox, həm də şahmatçılarımızın qələbələri mühüm rol oynayıb.

Sonra turnirə start verilib.

Yarışda qalib gələn oğlanlar və qızlar fəxri kubok və medallarla təltif olunublar.

Xəbər 783 dəfə oxundu.