Avropa Qran-prisinin fiziki məhdudiyyətli könüllüləri ilə görüş keçirilib
Mayın 23-də gənclər və idman naziri Azad Rəhimov “Formula-1” üzrə Avropa Qran-pri yarışlarının fiziki məhdudiyyətli könüllüləri ilə görüşüb.

Azərbaycanın növbəti irimiqyaslı idman tədbirinə ev sahibliyi etməyə hazırlaşdığını bildirən nazir ölkəmizdə könüllülük fəaliyyətinin inkişafından və bu istiqamətdə görülən işlərdən danışıb. O bildirib ki, ötən il ölkəmiz birinci Avropa Oyunlarına yüksək səviyyədə ev sahibliyi etdi. Həmin yarışda ilk dəfə fiziki məhdudiyyətli könüllülərin əməyindən istifadə olundu. Avropa Qran-prisinə də bu könüllülər cəlb olunub. Bu yarışlar üçün 4 min könüllünün iştirakı nəzərdə tutulmuşdu. Buna baxmayaraq bizə 12 min ərizə daxil olmuşdu.

Respublikamızda 41 Olimpiya İdman Kompleksinin fəaliyyət göstərdiyini xatırladan Azad Rəhimov bu idman qurğularında fiziki məhdudiyyətli insanlar üçün lazımi şəraitin yaradıldığını diqqətə çatdırıb. “Qarşıda bizi Dünya Şahmat Olimpiadası və gələn il təşkil olunacaq IV İslam Həmrəylik Oyunları gözləyir. Dünya Şahmat Olimpiadasında 180 ölkədən iki mindən artıq idmançının mübarizə aparması nəzərdə tutulub. IV İslam Həmrəylik Oyunlarında da biz fiziki məhdudiyyətli könüllülərin əməyindən yararlanacağıq”, - deyə o qeyd edib.

Fiziki məhdudiyyətli insanların əl işlərinin iyunun 17-19-da keçiriləcək “Formula-1” üzrə Avropa Qran-prisi yarışlarının “F-1 Şəhərciyi”ndə satışa çıxarılmasının mümkün olduğunu diqqətə çatdıran nazir Respublika İdman Tibb, Diaqnostika və Reabilitasiya İnstitutunun həmişə könüllülərin üzünə açıq olduğunu bildirib.

Könüllülər görüşə görə nazirə təşəkkür edib və ölkəmizdə fiziki məhdudiyyətli insanlara göstərilən dövlət qayğısından danışdılar. Eyni zamanda, boccia idman növünün ölkəmizdə inkişaf etdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

Sonra nazir könüllülərə xatirə hədiyyələri təqdim edib. Həmçinin fiziki məhdudiyyətli könüllülər də gənclər və idman nazirinə xatirə hədiyyəsi veriblər.

Xəbər 744 dəfə oxundu.