Eltac Səfərli 24 yaşını Naxçıvanda qələbə ilə qeyd edib
Şahmat üzrə Naxçıvanda keçirilən ənənəvi “Nakhchivan Open-2016” turnirində Eltac Səfərli final turlarında uğurla oynayaraq yarışın qalibi olub.

Əsas turnirdə 48 iştirakçı çıxış edib. Dünən doğum gününü qeyd etmiş qrossmeyster Eltac Səfərli “A” turnirində 9 mümkün xaldan 7 xal toplayaraq qalib gəlib. Turnirin reytinq-favoriti Şəhriyar Məmmədyarov eyni sayda xal toplasa da, ikinci yerlə kifayətlənməli olub.

Ukraynalı qrossmeyster Yuri Kuzubov, Azərbaycan nümayəndələri Azər Mirzəyev və Nail Bəşirli, rusiyalı Yevgeni Alekseyev, ukraynalı Sergey Pavlov və Hollandiya təmsilçisi Sergey Tivyakov liderdən yarım xal geri qalıblar.

“B” turnirinin qalibi Vüsal Abbasov, “C” turnirinin qalibi isə Fərid Orucovdur.

Əsas turnirin birinci mükafatının məbləği 7500 dollar olub.

300-dən çox şahmatçının iştirak etdiyi “Nakhchivan Open-2016” festivalı İsveçrə sistemi üzrə doqquz turdan ibarət olmaqla üç qrupda (A, B, C) keçirilib.

Festivalda yerli şahmatçılarla bərabər Belçika, Gürcüstan, Almaniya, İran, Monqolustan, Hollandiya, Rusiya, Türkiyə və Ukrayna nümayəndələri də iştirak edirdi.

Xatırladaq ki, “Nakhchivan Open-2015” festivalında da “A” turnirinin qalibi qrossmeyster Eltac Səfərli olub.


Xəbər 763 dəfə oxundu.