Millimiz AÇ-yə tam heyətlə yollandı
Taekvondo üzrə böyüklərdən ibarət milli komandamız Avropa çempionatında iştirak etmək məqsədi ilə İsveçrəyə yollanıb. Komandamız Avropa Teakvondo Birliyi tərəfindən 19-22 may 2016-cı il tarixlərində Montrö şəhərində təşkil edilən qitə çempionatına tam heyətlə qatılacaq.

48 ölkədən 387 taekvondoçunun qatılacağı yarışda millimiz 17 idmançı ilə təmsil olunacaq. Belə ki, millinin heyətində dünya, Avropa və I Avropa Oyunlarının qalibi, dünya kubokunun sahibləri, Rio Yay Olimpiya Oyunlarına lisenziya qazanan Radik İsayev (87+ kq), habelə, Milad Beigi Hərçəqani (-80 kq), o çümlədən, Ayxan Tağızadə (-68 kq), Məhəmməd Məmmədov, Sina Bahrami (hər ikisi -63 kq), Səid Quliyev və Namaz Heydərov (hər ikisi -74 kq), eləcə də Məcid Sofiyev, İlham Əliyev (hər iksi -54 kq), Məmmədalı Quliyev (-58 kq), Ramin Əzizov (-80 kq) və Payam Qubadi Oğaz da (-87 kq) yer alıb.

Zərif cinsin nümayəndələrindən isə Rio Olmipiyadasında -67 kq çəki dərəcəsində özlkəmizi təmsil edəcək Fəridə Əzizova, habelə Patimat Abakarova (-53 kq) eləcə də Gülhanım Yeşildal (-53 kq), İlayda Kardelen Çiftçi (-46 kq) və Yaprak Eriş (-62 kq) 4 gün davam edəcək möhtəbər yarışda, çempionluq titulu uğrunda mübarizə aparacaq. Millimiz, çempionata baş məşqçi Reza Mehmandoust, Sun Mi Park, böyük məşqçilər Elnur Amanov, Səbuhi Züfüqarov və HyeYoung Choi-nin rəhbərliyi ilə qatılacaq.

Bu çempionatda ölkəmizi hakimlər qismində beynəlxalq dərəcəli hakim, Azərbaycan Taekvondo Federasiyasının (ATF) baş hakimi Elşən Quliyev təmsil edəcək.

Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayevin rəhbərliyi ilə İsveçrəyə səfər edən millimiz vətənə mayın 23-də dönəcək.

Xəbər 720 dəfə oxundu.