Messidən daha 2 rekord
Son 3 ildə dünyanın ən yaxşı futbolçusu seçilən Lionel Messi rekordlardan doymur. İdman.com.az saytının məlumatına görə, “Barselona”nın 25 yaşlı argentinalı hücumçusu Çempionlar Liqasının (ÇL) “Bayer”lə 1/8 final mərhələsinin ilk oyununda vurduğu qolla birdən-birə 2 rekorda imza atıb.

Əvvəla, Almaniyada 3:1 hesabı ilə qalib gəldikləri matçda 45-ci qolunu vuran Messi bununla da avrokuboklarda cənubi amerikalı futbolçular arasında bombardir oldu. Forvard ÇL-in pley-of mərhələsində vurulan qolların sayına görə, ispan Raul Qonsaleslə ukraynalı Andrey Şevçenkoya çatıb. Bu isə turnirin tarixində ən yaxşı nəticədir. Ancaq onu nəzərə alaq ki, 19 qol vuran bu hücumçular Lioneldən 10 yaş böyük olaraq, artıq karyeralarının qürub çağlarını yaşayır və ÇL-dən kənarda qalıblar.

Messinin digər rekordu səfər oyunları ilə bağlıdır. Belə ki, argentinalı ÇL-də artıq ardıcıl 7 matçdır rəqib meydanında qol vurur. Bu isə Avropanın ən nüfuzlu turnirində yeni rekorddur.
Qeyd edək ki, Lionel yetirməsi olduğu “Barsa”nın heyətində 3 dəfə - 2006, 2009 və 2011-ci illərdə ÇL-in qalibi olub.

Xəbər 831 dəfə oxundu.