“Sevilya” komandası ardıcıl üçüncü dəfə UEFA Avropa Liqasının qalibi olub
Mayın 18-də futbol üzrə UEFA Avropa Liqasının finalında İspaniyanın “Sevilya” komandası İngiltərə təmsilçisi “Liverpul”u 3:1 hesabı ilə məğlub edərək ardıcıl üçüncü dəfə çempion adını qazanıb.

İsveçrənin Bazel şəhərində “Sankt-Yakob Park” stadionunda keçirilən görüşü isveçli baş hakim Conas Eriksson idarə edib. Görüşdə hesabı ingilislər açıblar. Oyunun 35-ci dəqiqəsində Daniel Starric ispaniyalıların qapısına yol tapıb – 1:0. İlk hissə bu hesabla başa çatıb.

İkinci hissədə təşəbbüsü tam ələ alan “Sevilya” fasilədən dərhal sonra hesabı bərabərləşdirib. Bərabərlik qolunu 46-cı dəqiqədə Kevin Qameiro vurub. “Sevilya”nın futbolçusu Koke 64-cü və 70-ci dəqiqələrdə dubl edərək komandasının çempionluğunu rəsmiləşdirib – 3:1.

Beləliklə, “Sevilya” komandası ardıcıl üçüncü dəfə UEFA Avropa Liqasında çempion olaraq yeni rekord müəyyənləşdirib.

Qeyd edək ki, bu, “Liverpul” və “Sevilya” komandalarının ilk görüşü olub. Bu matç, həmçinin avroliqaların finalında İngiltərə təmsilçisinin 12-ci, ispaniyalıların isə 5-ci oyunu kimi yadda qalıb. İngiltərə təmsilçisi indiyədək 11 final qarşılaşmasının 8-də qələbə qazanıb. “Liverpul” UEFA Avropa Liqasında sonuncu dəfə 2000-2001-ci il mövsümündə qalib gəlib. Həmin vaxt ingilislər İspaniyanın “Alaves” komandasına 5:4 hesabı ilə qalib gəliblər. “Sevilya” isə indiyədək dörd final qarşılaşmasının hamısında çempionluq sevinci yaşayıb. İspanlar son iki mövsümdə ardıcıl bu kuboka sahil olublar.

Bu matç həm də ingilis və ispan klublarının avroliqalarda 13-cü final qarşılaşması olub. Daha əvvəlki final oyunlarından 7-də ispanlar, 5-də isə ingilislər çempionluğa seviniblər.

Xəbər 638 dəfə oxundu.