Kanoeçimiz olimpiya lisenziyalı reqatada yarımfinala yüksəldi
Azərbaycan kanoeçisi Aleksey Kupin 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya xarakterli Avropa Təsnifat Reqatasında seçmə yürüşə qatılıb. 1 nəfərlik qayıqla (C-1) 1000 metrlik finişə 4 dəqiqə 2,907 saniyəyə çatan Kupin 4-cü yeri tutub.

İlk 3-lüyə düşən slovakiyalı Mater Rusnak (03:56.924), serbiyalı Strahinya Mladeziç (03:57.087) və ispaniyalı Dieqo Romero (03:58.522) birbaşa finala yüksəlib. Azərbaycan təmsilçisi isə geridə qoyduğu yunanıstanlı Stefanos Dimopulos (04:05.362), estoniyalı Yosep Karlson (04:12.129), eləcə də digər seçmə yürüşdə ilk "3-lüy"ə düşə bilməyən belaruslu Aleksey Maxnist (04:05.961) və estoniyalı Daqnis İlyinslə (04:06.296) birgə yarımfinalda mübarizə aparacaq.

Qeyd edək ki, finala yüksəlmək üçün yenə ilk "3-lüy"ə düşmək lazımdır.

Xəbər 726 dəfə oxundu.