“Shamkir Chess-2016”ya son hazırlıq görülür
“Synergy Group” ASC-nin dəstəyi ilə Azərbaycan şahmatçısı, Avropa çempionu Vüqar Həşimovun xatirəsinə həsr olunan “Shamkir Chess-2016” superturnirinin açılış mərasiminin vaxtı məlum olub.

Mötəbər yarışın təntənəli açılış mərasimi mayın 25-də Şəmkirdəki Heydər Əliyev Mərkəzində olacaq.

Tədbirdə bir sıra nazirliklərin, Beynəlxalq Şahmat Federasiyasının, mətbuat qurumlarının nümayəndələri və eləcə də şahmatsevərlər iştirak edəcəklər. Açılışdan sonra turnirin püşkatma mərasimi baş tutacaq.

“Shamkir Chess-2016” ardıcıl üçüncü dəfədir təşkil olunur. Superturnirdə dünya çempionluğuna namizəd Sergey Karyakin (Rusiya), eləcə də qrossmeysterlərdən Fabiano Karuana (İtaliya), Aniş Giri (Hollandiya), Pentala Harikrişna (Hindistan), Pavel Elyanov (Ukrayna), Hou Yifan (Çin), Azərbaycan yığmasının üzvləri Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Eltac Səfərli və Rauf Məmmədov mübarizə aparacaqlar.

Doqquz turdan ibarət yarış iyunun 4-də yekunlaşacaq.

Xəbər 627 dəfə oxundu.