“Neftçi” futbol klubu U-10 Liqasının qalibi olub
Mayın 16-da Bayıl stadionunda “Neftçi” və “Qəbələ” futbol komandaları arasında keçirilmiş final oyunu ilə AFFA-nın U-10 Liqasının 2015/2016-cı il mövsümünə yekun vurulub.

Qarşılaşma 2:0 hesabı ilə “Neftçi”nin xeyrinə başa çatıb. Üçüncü yer uğrunda keçirilmiş oyunda isə “Qarabağ” Gəncənin “Bağman” komandasını 1:0 hesabı ilə məğlub edib.

Oyun başa çatdıqdan sonra mükafatlandırma mərasimi təşkil olunub. Mükafatları AFFA-nın baş katibi Elxan Məmmədov, İcraiyyə Komitəsinin üzvləri İskəndər Cavadov və Vaqif Sadıqov, AFFA-nın texniki direktoru Bernhard Lippert, “Qəbələ”nin vitse-prezidenti Fariz Nəcəfov və idman direktoru Toni Adams təqdim ediblər.

U-10 Liqasının bombardiri 60 qolla Uşaq-Gənclər İdman Məktəbinin (Siyəzən) komandasının üzvü Bəhlul Mehdiyev olub. “Neftçi”nin hücumçusu Kənan Cəfərli liqanın ən yaxşı futbolçusu seçilib. “Fair play” mükafatına isə “Qəbələ”nin oyunçusu Samir Musayev layiq görülüb.

Xəbər 663 dəfə oxundu.