Cavid Çələbiyev: “Rinqdə zərbələri hiss etmirəm
O, 1992-ci il mayın 17-sində Qəbələdə anadan olub. Yeddi yaşından boksa maraq göstərib. Atasının SSRİ dövründə 71 kq çəki dərəcəsində boks üzrə Azərbaycan, habelə Latviya və Estoniyada beynəlxalq yarışlarda qalib gəlməsi, onun bu idman növünə sevgisini artırıb. Özünü dərk edəndən atasının boks əlcəkləri, diplomları, medalları idman sevgisinə yeni ab- hava qatıb. Həmin əşyalar arasında ən çox sevdiyi boks əlcəkləri olub. Əlcəklər ağır olsa da, tez-tez onlarla ilk uşaq məşqlərini edirmiş. Boksun ilk sirlərindən onu, təbii ki, atası agah edib. Sonralar oğlunun maraq və istedadını görüb onu Nəriman Abdullayevin qrupuna yazdırıb və beləliklə, rinq yolunda onun uğurlarının təməli qoyulub.

Söhbət 2013-cü ilin dünya çempionu və həmin ildə ilin idmançısı adına layiq görülən, Avropa çempionatının bürünc mükafatçısı, ustalar arasında neft ölkələri kubokunun sahibi, Kazan Yay Universiadasının mükafatçısı, dəfələrlə ölkə çempionu, cari ildə Türkiyənin Samsun şəhərində keçirilmiş Avropa təsnifat turnirində 56 kq çəki dərəcəsində qızıl medal qazanaraq, Rio de Janeyro Yay Olimpiya Oyunlarına lisenziya əldə etmiş boksçu Cavid Çələbiyevdən gedir. Onunla söhbətimin ilk ağlıma gələn sualı, nədənsə, belə oldu:

- Yenidən sənət seçməli olsaydın?

- Təbii ki, boksu.

- Çətindir axı...

- Çətin olmayan heç nə yoxdur. Boksu çox sevirəm, indiyədək başqa idman növü ilə heç maraqlanmamışam da. Bu yolda heç bir çətinliyi özümə maneə bilməmişəm.

- Boks zədələri bol olan idman növüdür. Bu da səni heç qorxutmadı?

- Əsla yox. Bu növə sevgimə hətta, valideynlərimin etirazı da mane ola bilmədi. O qədər istəkli idim ki, artıq onları da bezdirmişdim. Uşaqkən anam narazılığını bildirirdi. Yəqin ki, zədə alacağımdan ehtiyatlanırdı. Atam bir gün qardaşımla məni boksa yazdırmaq qərarına gəldi. Bununla sanki mənə bütün dünyanı bəxş etdi. O vaxtlar cəmi 7 yaşım var idi. Müəllimimin məsləhəti ilə ilk yarışım 13 yaşınmda Sumqayıt şəhərində olub və o zaman çempion oldum. Daha sonra bir sıra beynəlxalq yarışlarda, özündən razılıq kimi çıxmasın, qalib olmuşam. Bütün bu qarşılaşmalar qorxu hisslərini kölgədə qoydu.

- Boksda kumirin kimdir və onun hansı keyfiyyətini özündə görürsən?

- Bir boksçu kimi Mayk Taysona vurğunam. Döyüşlərini həmişə yaxından izləmişəm. Onun inadlı döyüşkənliyini özümdə hiss edirəm. Düzdür, o, ağır çəkili olduğu üçün çox elementlər üst-üstə düşmür, yəni döyüşümə yaxın deyil. Döyüş üslubuma yaxın bildiyim idmançı əslən rusiyalı, dəfələrlə Avstraliyanın bayrağı altında fəxri kürsünün yüksək pilləsinə qalxmış Kostya Szyudur. Taysonun bir cəhətini özümə yaxın görürəm: aldığı zərbələr sanki ona dəymir, heç nə hiss etmir. Zərbələrdən asanlıqla yayınaraq, rəqibinin üzərinə gedir. Mən də rinqdə çox vaxt elə hallar yaşayıram. Rəqibimin zərbəsini hiss etmirəm, həmin an ancaq əvəzində ikiqat, beşqat cavab verməyi düşünürəm.

- İlk parlaq uğuruna 2013-cü ildə Qazaxıstanın Almatı şəhərində nail olmusan. Növbəti böyük qələbəni isə Samsunda təşkil olunan Avropa təsnifat turnirində əldə etdiyin qızıl medalla və lisenziya ilə təkrarladın. Açığı, son yarımfinalda yaşananlar daha çox əks-səda doğurub və oxucularımızın marağına daha çox səbəb olub.

- Döyüşlərimin gedişi bir çoxlarına yaxından məlumdur. Yarımfinalda erməni boksçu Aram Avakyanla vuraşacağımı bilirdim və məsuliyyət birə-beş artmışdı. Axı, cəbhədə baş verənlərdən xəbərdar idim. Mütləq ona qalib gəlməliydim. İstəyimə çata bildim və bununla fəxr edirəm.

- Erməni boksçuya sənə ağır zərbə vurmaq tapşırığı verildiyi barədə söz-söhbətlər var idi.

- Ermənilər həmişə belə olublar. Düzdür, Avakyana tapşırıq verilmişdi ki, uduzsan belə ona elə bir zərbə yetir ki, finala çıxa bilməsin. Ancaq döyüş zamanı taktikasını asanlıqla başa düşdüm və arzusunu ürəyində qoydum. O, məğlubiyyətinin səbəbini hakimlərin mənə köməyində gördü. Amma onun üzərində qələbəni əldə etməyim hamının gözü qarşısında baş verdi.

- AİBA-nın peşəkar boks yarışında olimpiadaya lisenziya qazanmağa çox yaxın idin. Amma alınmadı. Buna baxmayaraq, Avropa təsnifat turnirindəki döyüşlərdə psixoloji durumun daha üstün görünürdü.

O zaman keçirdiyim beş döyüşün üçündən qalib ayrıldım. Lakin son iki döyüşdə hakim haqsızlığı ilə rastlaşdım. Bütün bunlar gücümə güc qatdı. Ona görə də, lisenziya yarışlarında daha rahat və sərbəst mübarizə apardım.

- Keçmişi kənara qoyaq və biraz gələcəkdən danışaq. Nəhayət, çətin yollardan keçib növbəti hədəfinə - "Rio-2016" Oyunlarına çatmısan.

- Uşaqlıqdan istəmişəm ki, ya biliklə, ya da hər hansı bir başqa sahədə ölkəmi tanıdım. Şükürlər olsun ki, yolum idmana düşdü. İdmançı dostlarım olimpiadada ab-havanın, hətta rinqə daxil olanda, həyəcanın belə tamam fərqli olduğunu deyirlər. Əsla, bunu özümə psixoloji kompleks etmirəm - artıq şeylərdir. Ümumiyyətlə, məndə auditoriya həyəcanı olmur. Əgər rinqə qalibiyyətə gedirəmsə, vuruşub qalib olmalıyam. İndi tək istəyim bayrağımızı dalğalandırmaq və himnimizi bizləri sevməyənlərə qulaq asdırmaqdır. Ona görə də olimpiadaya yalnız bir fikirlə gedirəm - nə olursa-olsun qalib olmaq!

- 2013-cü ildən sonra bir müddətlik sükutu cari ildə qızıl medalla pozdun.

- Bu yola tam əminliklə çıxmışam. Yəqin ki, davamlı olacaq. İdmançı dostlarımdan heç də geri deyiləm. Artıq irəliyə doğru getməyin vaxtıdır.

- Boksçulardan hansı fərqli keyfiyyəti özündə duyursan?

- Ümumiyyətlə, özümdə yalnız bir fərqli keyfiyyəti aşkarlamışam. Bunu hətta şəxsi məşqçim də deyir. Ən üstün keyfiyyətim sona kimi mübarizə aparmağım və üçüncü rinqdə belə sanki birinci rinqdəki kimi döyüşməyimdir. Nəriman müəllim tam arxayındır ki, son ana kimi inamla mübarizə aparıb qələbə qazanacağam. Məncə, daha bir üstün cəhətim mənə zərbə dəyən zaman ağrını rinqdə hiss etdirməyi sevməməyimdir. Olimpiadada da əgər belə hal yaşansa, əlimdən gələn qədər çalışacağam ki, bunu büruzə verməyim. Orada da yalnız fəxri kürsünün ən yüksək pilləsinə qalxmaq barədə düşünəcəyəm.

- Olimpiadaya yollanan idmançı üçün bürünc medal da uğurdur. Bu birincilik istəyinin arxasında gizlənən sirri aça bilərsən?

- Düzü, qalib olmaqla iki böyük arzumu həyata keçirmək istəyirəm: Bayrağımızı Braziliyada şərəflə dalğalandırmaq və atamın olimpiya çempionluğu arzusunu gerçəkləşdirmək. Atam əvvəllər boksçu kimi bir çox turnirlərin qalibi olub. Lakin olimpiya çempionu olmayıb - bu, ən böyük arzusu olub. İndi isə atamın tək istəyi övladını həm dünya, həm də olimpiya çempionu kimi görməkdir. Çox şükür dünya çempionu olmaqla, arzusunu reallaşdırdım. Qaldı olimpiya çempionu kimi onun sevincinə sevinc qatmaq. Olimpiya çempionu kimi, mənimlə fəxr etməyini istəyirəm. Ona görə də, çalışdığım qədər mübarizə aparacağam.

- Qalibiyyətdən söhbət düşmüşkən. Belə bir ifadə var: "dostun üzüntüsünə hamı, nailiyyətlərinə isə ancaq uca ruhlular qatılar".

- Deyərdim ki, əsl dost səni səndən çox sevəndir. Təbii ki, ətrafımda olan insanları yaxşı sınayıb, daha yaxşı tanıyacağam. O zaman çalıçacağam ki, dost olmayanlardan mümkün qədər uzaq gəzim. Elə indi də belə insanlar az deyil (gülür).

Aynurə PƏNAHQIZI

“İdman" qəzeti


Xəbər 2205 dəfə oxundu.