Vyanada Ümummilli Liderin xatirəsinə həsr olunmuş futbol turniri keçirilib
Mayın 15-də Vyana şəhərində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş futbol turniri keçirilib.

Turnir Azərbaycanın Avstriyadakı səfirliyi, Azərbaycan Akademik Birliyi və Vyanada təsis olunmuş „Qarabağ“ futbol klubunun təşkilatçılığı ilə baş tutub.

Azərbaycanın Avstriyadakı səfiri Qalib İsrafilov, “Qarabağ” futbol klubunun prezidenti Orxan Vəliyev, Avstriya Kanu Federasiyasının vitse-prezidenti Manfred Modli, Vyana Şəhər Futbol Federasiyasının prezidenti Robert Sedlaçek tədbirin açılışında çıxış ediblər.

Qalib israfilov çıxışında bildirib ki, Avstriya və Azərbaycan arasında bir çox oxşarlıqlar vardır və bu oxşarlıqlara ölkələrin siyasi inkişafında da rast gəlmək mümkündür. İkinci Dünya müharibəsində sonra Avstriyanın yenidən suveren və dövlət kimi bərqərar olmasında xidmətləri olan siyasi xadimlər olduğu kimi, Azərbaycanda ötən əsrdə ölkənin müstəqil və güclü dövlətə çevrilməsində ümummilli lider Heydər Əliyev əvəzedilməz rol oynayıb. Onun müstəsna xidmətləri nəticəsində müstəqilliyi təhlükə altında olan Azərbaycan parçalanmaqdan xilas olaraq, suverenliyini möhkəmlədib, müasir dövrümüzdə yerləşdiyi regionda güclü dövlətə, söz sahibinə çevrilib. Heydər Əliyevin gənclərə qayğısı və idmanın inkişafına marağı bu gün onun siyasətinin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir, ötən il Bakının ev sahibliyi etdiyi ilk Avropa Oyunları bu uğurlu siyasətin və görülən işlərin bariz nümunəsidir.

Digər çıxış edənlər artıq ənənə halını almış bu turnirin Avstriyadakı müxtəlif ölkələr və dinlərdən olan insanları bir araya gəlməsində, gənclər arasında idmana marağın artmasında, multikulturalizm, inteqrasiya və xalqlar arasında anlaşmanın inkişafında müstəsna rola malik olduğunu qeyd ediblər.

Turnirdə „FK Qarabağ Vyana“, „SK Simmerinq“, „First Vienna Football Club“ və „FAK Vyana“ klublarının U-19 komandaları yarışıblar. „FAK Vyana“ klubunun gənclərdən ibarət komandası finalda „SK Simmerinq“ üzərində qələbə qazanaraq, turnirin qalibi olub.

AZƏRTAC
Sonda turnir iştirakçılarına medallar və kubok təqdim olunub, xatirə şəkli çəkdirilib.

Xəbər 654 dəfə oxundu.