Bədii gimnastlar və batutçular öz güclərini milli yarışlarda sınayırlar
Bədii gimnastika və batut gimnastikası həvəskarları yenidən Milli Gimnastika Arenasına toplaşıblar.

Bakı Gimnastika Məktəbinin 20 gimnastı batut və tamblinq üzrə Azərbaycan çempionatı və Bakı birinciliyi çərçivəsində akrobatika cığırı üzərində öz çıxışlarını nümayiş etdirirlər. Artıq 14-cü dəfə baş tutan tamblinq üzrə yarışlarda qaliblər dörd yaş kateqoriyasında müəyyənləşəcək (böyüklər – 1999-cu il təvəllüdlülər və daha böyüklər, gənclər – 2000-2002; yeniyetmələr – 2003-2006; balacalar – 2007 və daha kiçiklər).

Mayın 13-dən 14-dək isə çempionat və birinciliyə batutçular və bədii gimnastlar qatılacaq. Ölkədə ikinci dəfə təşkil olunacaq batut gimnastikası üzrə yarışlarda Bakı Gimnastika Məktəbi və “Ocaq Sport” Klubunu təmsil edən 28 gimnast (18 kişi və 10 qadın) iştirak edir. Kişi batutçular dörd (böyüklər – 1999-cu il təvəllüdlülər və daha böyüklər; yeniyetmələr – 2003-2006; uşaqlar - 2006-2007-ci il təvəllüdlü; kiçiklər - 2008-2010), qadın gimnastlar isə 3 yaş kateqoriyasında (böyüklər – 1999-cu il təvəllüdlülər və daha böyüklər; yeniyetmələr – 2003-2006; kiçiklər – 2008-2010) medallar uğrunda mübarizə aparırlar.

Gimnastikanın ən zərif növünə gəldikdə isə bədii gimnastika üzrə 23-cü Azərbaycan çempionatında Bakı Gimnastika Məktəbi, Respublika Kompleks İdman Məktəbi, “Ocaq Sport” Klubu, “Spartak”, “Sərhədçi”, o cümlədən Gəncə və Kürdəmiri təmsil edən 21 gimnast, həm böyüklər (2000-ci il təvəllüdlülər və daha böyüklər), həm də yeniyetmələr proqramı ilə çıxış edir. Böyük gimnastlar çoxnövçülükdə (halqa, top, gürzlər, lent), yeniyetmələr isə həmçinin ayrı-ayrı növlər üzrə finallarda (ip, halqa, top, gürzlər) medallar uğrunda öz güclərini sınayırlar. Hazırkı yarış ölkə çempionatı reqlamentində qeyd olunan yaş kateqoriyalarında iştirakçı sayının artması ilə fərqlənir. Bu da bədii gimnastikaya olan marağın və yüksək inkişaf səviyyəsinin göstəricisidir.

Yarış ərzində tamaşaçıları “Bakı-2015” ilk Avropa Oyunları çərçivəsində batut gimnastikası üzrə yarışların bürünc medalçısı İlya Qrişunin, batut üzrə Avropa çempionatının bürünc mükafatçısı Dmitriy Fedorovskiy, Avropa Oyunlarının bədii gimnastika üzrə yarışlarının gümüş medalçısı, qarşıdakı “Rio-2016” Olimpiya Oyunlarının iştirakçısı Marina Durundanın həyəcanlı çıxışları, o cümlədən qrup hərəkətləri komandalarının nümunəvi çıxışları, müsabiqələr və ruhlandırıcı fleş-moblar gözləyir.

Sonda baş tutacaq ənənəvi Qala–konsertdə gimnastlar xalçanı idman, incəsənət və rəqs dünyasının harmoniyasını özündə əks etdirən çıxışlarla bəzəyəcəklər.

Xəbər 714 dəfə oxundu.