Məsul şəxslər IV İslam Həmrəyli Oyunlarına 1 il qalması münasibətilə Bakıda görüşəcəklər
Mayın 12-də Bakıda IV İslam Həmrəyliyi İdman Federasiyasının Əlaqələndirmə Komissiyasının sayca 3-cü iclası keçiriləcək. İclasda Əlaqələndirmə Komissiyasının və İslam Həmrəyliyi Oyunları ilə bağlı Əməliyyat Komitəsinin üzvləri iştirak edəcəklər.

İclasdan sonra Oyunların həyata keçirilməsi istiqamətində görülmüş və qarşıdakı müddət ərzində həyata keçirilməsi tələb olunan işlər ətrafında müzakirə aparılacaq. Günün ikinci hissəsində isə media nümayəndələri üçün mətbuat konfransı keçiriləcək. Mətbuat konfransında gənclər və idman naziri, Azərbaycanda təşkil olunacaq IV İslam Həmrəyliyi Oyunlarının icraçı direktoru Azad Rəhimov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti, İslam Həmrəyliyi İdman Federasiyasının ikinci vitse-prezidenti Çingiz Hüseynzadə, İslam Həmrəyliyi İdman Federasiyasının baş katibi Faisal Abdulaziz Al-Nassar və digər rəsmilər iştirak edəcəklər.

Mayın 12-nin ən əlamətdar hadisələrindən biri IV İslam Həmrəyliyi Oyunlarının başlamasına 1 il qalmasıdır. Bununla əlaqədar olaraq mətbuat konfransı zamanı Oyunların yeni loqosunun və internet səhifəsinin təqdimatı olacaq.

Axşam saatlarında isə Bakı Biznes Mərkəzinin qarşısında IV İslam Həmrəyliyi Oyunlarına 1 il qalması münasibəti ilə idman nümayiş etdiriləcək.

Mayın 13-də isə IV İslam Həmrəyliyi Oyunları ilə əlaqədar olaraq Milli Olimpiya komitələrinin “Açıq gün” iclası keçiriləcək. İclasda 36 ölkədən 70-dən artıq nümayəndə iştirak edəcək. İclas zamanı Oyunların təhlükəsizlik, akkreditasiya və nəqliyyat kimi məsələləri müzakirə olunacaq.

Xəbər 685 dəfə oxundu.