Herman Tilke: Bakı Şəhər Halqası mənə doğmadır
“Formula-1” üzrə Avropa Qran-prisinin başlanmasına beş həftə qalıb. Hazırlıqlar qrafikə uyğun olaraq davam edir. Ancaq qarşıda görüləcək işlərimiz var.

Bu sözləri “Formula-1” Avropa Qran-prisinin Bakı treki layihəsinin müəllifi Herman Tilke mayın 11-də təşkil olunan mətbuat konfransında bildirib.

Trekin vaxtında hazır olacağını diqqətə çatdıran mütəxəssis deyib: “Yola yeni asfalt qatının salınması prosesi artıq başa çatıb. Hazırda beton blokların və hasarların çəkilməsi davam edir. Hazırlığın yüksək standartlara cavab verməsi üçün burada peşəkar mütəxəssislərin əməyindən istifadə olunur. Bakı Şəhər Halqasında sərt döngələrin olduğunu nəzərə alaraq ABŞ-dan xüsusi təhlükəsizlik baryerləri gətirilərək trek ətrafında quraşdırılıb. Bu baryerlərdən digər Qran-prilərdə də istifadə olunur. İlk dəfə olaraq, həmin baryerlərdən Fransada təşkil olunan Le-Man avtomobil yarışında da istifadə ediləcək”.

“Bakı Şəhər Halqası ilə bağlı dünyanın bir neçə məşhur “Formula-1” pilotu ilə söhbətim olub. Onlara trekin mürəkkəbliyi və unikallığı ilə bağlı məlumat vermişəm. Pilotlar Bakı Qran-prisini səbirsizliklə gözlədiklərini bildiriblər. Bakı Şəhər Halqasının ən maraqlı hissəsi Qoşa Qala qapılarının qarşısındakı ensiz yoludur. Bu yol trekin özünəməxsusluğunu daha da artırır. Bakıda təşkil olunacaq Avropa Qran-prisində dünyanın ən məşhur pilotları iştirak edəcək və trekin bu hissəsinin onlar üçün problem yaradacağını düşünmürəm. “Formula-1” yarışlarında qəza halları qaçılmazdır. Bunun üçün ölkənizdə yetərincə istedadlı və beynəlxalq təlimlərdə iştirak etmiş marşallar var. Ümid edirəm ki, marşallar qəza halları baş verdikdə vəzifələrinin öhdəsindən layiqincə gələcəklər”, - deyə Herman Tilke deyib.

Əvvəllər Bakı Şəhər Halqası ilə bağlı üç variantın hazırlandığını vurğulayan mütəxəssis bildirib: “Hazırkı treki seçməyimizin səbəbi Bakının tarixi, müasir görünüşünü dünyaya çatdırmaqdır. Müəllifi olduğum bütün treklər mənim üçün əzizdir. Ancaq Bakı Şəhər Halqası hazırda onlar arasında mənə ən doğma olanıdır. Onu da deyim ki, Avropa Qran-pri yarışları şəhər treki olduğu üçün tras iyunun 16-da istifadəyə veriləcək.

Sonra jurnalistlərin sualları cavablandırılıb.

Xəbər 669 dəfə oxundu.