“UEFA U-17” Avropa çempionatında ilk dörddəbir finalçılar müəyyənləşəcək
Bu gün paytaxtımızda keçirilən 17 yaşadək futbolçular arasında Avropa çempionatının qrup mərhələsində son matçlar oynanılacaq.

“A” və “B” qrupunda çıxış edən komandalar ilkin mərhələdəki çıxışlarını başa vuracaqlar.

Azərbaycan milli komandası da bu gün meydana çıxacaq. Yığmamız Şotlandiya ilə qarşılaşacaq. İlk oyunda Portuqaliyaya uduzan (0:5), daha sonra isə Belçika yığması ilə qollu bərabərliyə (1:1) razılaşan millimiz hələ ki, şansını saxlayır. Bunun üçün Təbriz Həsənovun yetirmələri Şotlandiyanı 5:0 hesabı ilə məğlub etməli, Portuqaliya isə Belçikanın qapısından 3 cavabsız qol keçirməlidir.

Qrupumuzun digər oyununda isə Portuqaliya ilə Belçika yığmaları münasibətlərinə aydınlıq gətirəcəklər. Portuqaliya artıq dörddəbir finala vəsiqəni təmin edib. Bu baximdan növbəti mərhələyə yüksəlmək istəyən belçikalıların işinin asan olacağını düşünmək olar.

“B” qrupunda da oxşar vəziyyət yaranıb. Ukrayna millisinin şansı az da olsa, qalır. Bunun üçün Aleksandr Petrakovun yetirmələri Bosniya və Herseqovinaya 3 top fərqi ilə qalib gəlməli, paralel keçən qarşılaşmada da qrup lideri Avstriyanın Almaniyanı böyük hesabla məğlub etməsinə ümid bəsləməlidir. Almaniya millisinə isə növbəti mərhələyə adlamaq üçün bir xal da kifayət edəcək.

Xəbər 672 dəfə oxundu.