Azərbaycan Premyer Liqasının başa çatmasına son 3 tur qaldı
Bu gün Azərbaycan Premyer Liqasında 34-cü turun oyunlarına start veriləcək.

Turun bütün görüşləri eyni gündə oynanılacaq.

AZAL Şüvəlanda turnir cədvəlinin ikincisi – “Zirə”ni qonaq edəcək. “Zirə” hazırda 60 xalla turnir cədvəlində ikinci, AZAL isə 45 xalla 6-cı pillədə qərarlaşıb.

Bu görüşlə eyni vaxtda Gəncə şəhər stadionunda “Kəpəz” və “Neftçi” komandaları görüşəcək. Bu qarşılaşma hər iki komanda üçün əhəmiyyətlidir. Artıq avrokuboklara vəsiqəni təmin etmiş meydan sahibləri qələbə sayəsində mükafatçılar sırasındakı mövqeyini qoruyacaq. Paytaxt təmsilçisi isə üç xal qazanacağı təqdirdə AZAL – “Zirə” matçının nəticəsindən asılı olaraq bir pillə irəliləyə bilər. “Kəpəz” 55 xalla üçüncü, “Neftçi” isə 43 xalla yeddinci pillədədir.

Günün növbəti matçında “İnter” və “Xəzər Lənkəran” komandaları qarşılaşacaq. Cənub təmsilçisi üçün bu matç elitada qalmaq uğrunda mübarizə sayılırsa, meydan sahibi mükafatçılar sırasına düşmək üçün mübarizə aparır. “İnter” 53 xalla beşınci, “Xəzər Lənkəran” 14 xalla doqquzuncudur.

Premyer Liqada heç bir iddiası olmayan “Sumqayıt” autsayder “Rəvan”la üz-üzə gələcək. Bu qarşılaşma qonaq komanda üçün böyük əhəmiyyət kəsb edir. Çünki səfərdə “Rəvan” qələbə qazanarsa, sonuncu pilləni “Xəzər Lənkəran”a təhvil verəcək.

Turun və günün son oyunu Masazırda keçiriləcək. “Qarabağ” “Qəbələ”ni qəbul edəcək. “Qarabağ” artıq çempionluğu təmin edib və Çempionlar Liqasına vəsiqə qazanıb. “Qəbələ” isə həm mükafatçılar sırasına düşmək, həm də avrokubok üçün mübarizə aparır. Roman Qriqorçukun yetirmələri qələbə sayəsində ən azı hazırkı mövqeyində qalaraq avrokuboklara vəsiqəni təmin edə bilər.

Xəbər 676 dəfə oxundu.