“Şahin” hərbi-idman oyunun final mərhələsi keçirilib
Mayın 10-da Silahlı Qüvvələrin təlim-məşq mərkəzində “Şahin” hərbi-idman oyunu üzrə respublika miqyaslı yarışların final mərhələsi keçirilib.

Qələbə uğrunda hər biri 10 oğlan və 4 qızdan (VIII-X sinif şagirdləri) ibarət 19 komanda mübarizə aparıb. Yarışlarda I, II və III yerləri tutan güclü Bakı komandaları, habelə 8 müstəqil zona mərhələsində I və II yerə layiq görülən region komandaları iştirak edib.

Yarışların bilavasitə startına qədər final mərhələsinin açılış mərasimi keçirilib. Azərbaycan Respublikasının dövlət himni səsləndirilib, ümummilli lider Heydər Əliyevin xatirəsi yad edilib.

Gənclər və idman nazirinin müavini İntiqam Babayev, təhsil nazirinin müavini Firudin Qurbanov, Cəmşid Naxçıvanski adına Hərbi Liseyin rəhbəri Rüfət Əmirov iştirakçılar qarşısında çıxış edib. Müasir Azərbaycanın banisi və memarı Heydər Əliyevin çətin həyat yolu və fəaliyyəti, Azərbaycan xalqı qarşısında xidmətləri haqqında məlumat verilib. Hökumətin Azərbaycanda həyata keçirdiyi daxili siyasətin əsas istiqamətlərindən birinin gənc nəslin tərbiyəsi və onda vətənpərvərlik duyğularının gücləndirmək olması qeyd edilib. Həmçinin vurğulanıb ki, şagirdlərin hərbi-idman oyunları və oxşar tədbirlərə cəlb edilməsi onların orduda xidmətinin hazırlığına kömək edəcək.

Xatırladaq ki, bu il “Şahin” hərbi-idman oyununun 20 yaşı tamam olur.

Xəbər 559 dəfə oxundu.