“İstədim ki, “Neftçi” karyeramda sonuncu klub olsun”
“Həqiqətən də futboldan iyrənmişdim. Nə oynamaq, nə də məşq etmək istəyirdim. Çünki ortada bir stimul yox idi. “Turan”dan ayrıldıqdan sonra mənə heç kim dəvət göndərmirdi. Necə deyərlər, heç kimə lazım deyildim. Amma mən bu qədər əzab-əziyyətdən sonra futbolla bu kökdə ayrılmaq istəmirdim”.

İdman.com.az saytının məlumatına görə, bu sözü Azərbaycan milli komandasının sabiq futbolçusu Samir Əliyev deyib. Heç kimin gözləmədiyi bir halda “Neftçi”nin düşərgəsində görünən forvardın, yenidən məşhurlaşdığı komandada oynamaq ehtimalı çox böyükdür. O, “futbol11.az” saytına açıqlamasında bir növ buna işarə vurub:

“İstədim ki, “Neftçi” karyeramda sonuncu klub olsun. Bir il burada oynadıqdan sonra futbolla vidalaşım. Rəhbərliyə və məşqçilər korpusuna ancaq təşəkkür düşür ki, məni qəbul etdilər. Baş məşqçi Böyükağa Hacıyev dedi ki, formaya düş, səni oynadacağam”.

33 yaşlı hücumçu əlavə edib ki, hazırda fiziki hazırlığındakı nöqsanları aradan qaldırmaqla məşğuldur: “Hazırda məşqlərə qatılıram. Mənim tək problemim fiziki hazırlıqla bağlıdır. Digər məsələlərdə heç kimdən geri qalmıram. Bir az da artıq çəkim var ki, lap neçə il bundan qabaq da çəkim 4-5 kiloqram çox olurdu. Amma oynadıqca bütün bunlar aradan qalxacaq”.


Xəbər 906 dəfə oxundu.